Yuxarı

Azərbaycanda səfirliklərin avtomobillərinə yeni dövlət qeydiyyat nişanları veriləcək

Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı təqdim olunacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

“Report” xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınacaq.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı təqdim olunur

Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Bundan əlavə, əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan-xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün müəyyən edilən sarı rəngli dövlət qeydiyyat nişanları ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi