Ombudsman İƏT-in iclasında Ermənistanın son təxribatı barədə məlumat verib

Ombudsman İƏT-in iclasında Ermənistanın son təxribatı barədə məlumat verib Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Direktorlar Şurasının videokonfrans formatında keçirilən 5-ci iclasında çıxış edib.
Daxili siyasət
17 Noyabr , 2021 19:22
Ombudsman İƏT-in iclasında Ermənistanın son təxribatı barədə məlumat verib
Səbinə Əliyeva

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Direktorlar Şurasının videokonfrans formatında keçirilən 5-ci iclasında çıxış edib.

"Report" xəbər verir ki, tədbirdə Türkiyənin Baş Ombudsmanı cənab Şərəf Malkoç, İƏT OA-nın Prezidenti Məhəmməd Cavad, Pakistanın Vergilər üzrə Federal Ombudsmanı və İƏT OA-nın Baş Katibi Asif Mahmud Jah da iştirak ediblər.

Görüşdə ombudsman qonaqları salamlayaraq, İkinci Qarabağ müharibəsi zamanı və post-konflikt dövründə Ermənistan silahlı qüvvələri tərəfindən pozulmuş və hələ də pozulmaqda davam edən insan hüquqları barədə geniş məlumat verib. O, Vətən Müharibəsi dövründə mülki şəxslərin və mülki yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alındığını, insan hüquq və azadlıqlarının kobud surətdə pozulduğunu, hazırda işğaldan azad edilmiş ərazilərdə hələ də mina probleminin mövcud olduğunu və nəticədə hələ də Azərbaycanlı həm mülki, həm də o ərazilərdə qulluq edən hərbçilərimizin minaya düşərək həlak olduğunu və sağlamlıqlarını itirdiklərini vurğulayıb.

Daha sonra müvəkkil Ermənistanın hərbi qüvvələri tərəfindən 16 noyabr 2021-ci il tarixdə Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusunun şəhid olduğunu, 10 nəfərin isə yaralandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

S.Əliyeva müharibə dövründə Ermənistan tərəfindən törədilən insan hüquq pozuntularının yerində araşdırılması məqsədilə Azərbaycan ombudsmanın dəvəti əsasında ölkəmizə səfər etmiş, daha sonra araşdırmanın nəticəsi olaraq əsaslandırılmış hesabat hazırlayaraq bununla bağlı dünya ictimaiyyətini məlumatlandırmış İƏT OA nümayəndə heyətinə öz dərin təşəkkürünü bildirib.

Ombudsman fürsətdən istifadə edərək tədbirdə iştirak edən Asif Mahmud Jahı Pakistanın Vergilər üzrə Federal Ombudsmanı və İƏT OA-nın Baş Katibi seçilməsi münasibətilə təbrik edərək ona yeni fəaliyyətində uğurlar arzilayıb.

Tədbirdə qurumun Baş Assambleyasının planlaşdırılması və qurumun cari və gələcək fəaliyyət istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi