Yuxarı

Referendumla bağlı qeydə alınan təşviqat qrupları ödənişsiz efir vaxtından imtina ediblər - EKSKLÜZİV

Referendumla bağlı seçkiqabağı təşviqat sentyabrın 25-də başa çatacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi üçün 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı qeydə alınan təşviqat qrupları ödənişsiz efir vaxtından imtina ediblər.

Təşviqat qruplarından "Report"a verilən məlumata görə, onlar pulsuz efir vaxtının bölgüsü məqsədi ilə MSK-ya müraciət etməmək barədə qərar qəbul ediblər.

Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqatın aparılması müddəti başlandıqdan sonra bir həftə müddətində qeydə alınmış referendum üzrə təşviqat qrupları arasında, onların verdikləri ərizə əsasında İctimai Televiziya və Radio Yayımları Şirkətində ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi Mərkəzi Seçki Komissiyasının (MSK) teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Seçkiqabağı təşviqat sentyabrın 3-dən başlayıb. Lakin qeydə alınan "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupları bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyiblər.

"Yeni Azərbaycan" təşviqat qrupunun (TQ) təsisçisi Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, TQ-nin səlahiyyətli nümayəndələri, rəsmiləri bütün regionlarda, bütün yaşayış məntəqələrində MSK tərəfindən ayrılmış müvafiq yerlərdə seçicilərlə görüşlər keçirir, müvafiq qaydada təşviqat kampaniyası aparır. Bundan başqa, "Yeni Azərbaycan" təşviqat qrupu MSK tərəfindən ayrılmış lövhələrdə təşviqat materialları yerləşdirib.

"Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qruplarından da "Report"a analoji cavablar verilib.

Qeyd edək ki, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə pulsuz efir vaxtı almaq hüququ var.

Xatırladaq ki, referendumla bağlı seçkiqabağı təşviqat sentyabrın 25-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi