Yuxarı
    Bağlamaq

    Razi Nurullayev bütün cəbhəçiləri onun yaratdığı AXCP-də birləşməyə çağırıb

    “Biz əsl AXCP-ni bərpa edəcəyik”

    Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev yeni AXCP yaratdığını elan edib.

    “Report”un məlumatına görə, R.Nurullayev deyib ki, Əli Kərimlinin sədri olduğu AXCP-dən kənarlaşdırılan partiya üzvləri mənəvi müstəvidə mübarizə aparacaqlar: “Biz əsl AXCP-ni bərpa edəcəyik. AXCP adına iddia edirik. Partiyada olan şəxslərlə danışıqlar aparmışıq, onların əksəriyyəti bizə dəstək verirlər”.

    R.Nurullayev qeyd edib ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir mübarizəyə başlanılır: “Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmənnasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyil. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, hakimiyyətə sərf edən oyunlarla gündəmdə qalan və bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır”.

    R.Nurullayev deyib ki, belə bir addımın atılmasının məqsədi Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır: “Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır. Elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcək. Çünki biz düşünürük ki, bu ümummüxalifətin mənafeyinə zidd hərəkət olar. Biz çıxış yolunu da irəli sürürük. Qoy bütün cəbhəçilər aparılan siyasətə etiraz olaraq burada elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasında birləşsinlər”.

    AXCP-nin təşkilat komitəsinin sabiq müdiri Rafiq Daşdəmirli də Əli Kərimlinin rəhbərlik etdiyi partiyadan istefa verdiyini, gələcək fəaliyyətini də R.Nurullayevin elan etdiyi partiyada davam etdirəcəyini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi