Yuxarı

Ramil Usubov: "Sahibkarlığın inkişafına maneələr aradan qaldırılır, kompleks tədbirlər həyata keçirilir"

Nazir Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Bakı. 10 fevral. REPORT.AZ/ Daxili işlər naziri general-polkovnik Ramil Usubov fevralın 10-da Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

"Report"un məlumatına görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılaraq önünə gül dəstələri düzülüb.

Bərdə Rayon İcra Hakimiyyətində keçirilən görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, köklü iqtisadi islahatların aparılacağına dair proqram xarakterli nitqindən irəli gələn yeni vəzifələr və onların həlli yolları geniş müzakirə edilib.

Nazir Ramil Usubov tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən keçirildiyini, son günlər respublikamızın bütün bölgələrində açıq və qarşılıqlı fikir mübadiləsi şəklində baş tutan toplantılarda əsas məqsədin yerli iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində vətəndaşları narahat edən problemlərin öyrənilməsi, onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi, əhalinin məşğulluq probleminin həllinə əməli köməkliyin göstərilməsi olduğunu bildirib.

Daxili işlər naziri Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsində özünün uzaqgörən dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 12 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, həyata keçirilən hərtərəfli sosial, iqtisadi, hüquqi və demokratik islahatlar nəticəsində ölkəmizin böyük uğurlar qazandığını xüsusi vurğulayıb. Məmnunluqla qeyd olunub ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl sosial-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, hüquqi, demokratik islahatların dərinləşməsi ilə səciyyələnən həmin dövrün bütün uğur və nailiyyətləri yalnız milli liderimiz tərəfindən qoyulan möhkəm təməl sayəsində mümkün olub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən abadlıq, quruculuq işləri və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Daha sonra cənab Ramil Usubov geniş məruzə ilə çıxış edərək ölkə başçısının dövlət qurumları və yerli icra strukturları qarşısında sahibkarlığın inkişafı, bürokratik əngəllərin aradan qaldırılması, respublikamızın iqtisadi və maliyyə təhlükəsizliyinin təmini və digər sahələrdə qarşıya qoyduğu vəzifələr barədə danışıb. O, Azərbaycanın bu gün dünyada sabit və davamlı inkişaf edən iqtisadiyyata, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan bir dövlət kimi tanındığını, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətlərinin və beynəlxalq təşkilatların ilk növbədə ölkəmizin mövqeyini nəzərə aldıqlarını bildirib. Qeyd olunub ki, bütün bunlar dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu olduğunu, milli maraqların təmin edilməsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Nazir qazanılan bütün uğurların əsasında ölkəmizdə ictimai-siyasi sabitliyin dayanması barədə möhtərəm Prezidentimizin dəfələrlə qeyd etdiyi fikri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısının rəhbərliyi altında hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə əlaqəli və səmərəli fəaliyyəti nəticəsində son illər cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə olunmuş müsbət nəticələr barədə qısa məlumat verib. Son 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində fəaliyyət də davamlı olub, digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində əməliyyat şəraitinin bütövlükdə nəzarətdə saxlanıldığı qeyd olunub.

Daha sonra ölkəmizdə aparılan iqtisadi islahatlara toxunan məruzəçi deyib ki, yeni iqtisadi siyasət nəticəsində maliyyə sistemi sabitləşəcək, bank sektoru mövcud vəziyyətdən çıxacaq və onun davamlı inkişafı və milli valyutamıza etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq. Bildirilib ki, Azərbaycan öz iqtisadiyyatının dayanıqlılığını, inkişaf dinamikasını, daxili resurslardan istifadə strategiyasını Prezidentin rəhbərliyi altında düzgün müəyyən edib. Neftdən gələn vəsaitdən gələcək inkişafımız üçün çox böyük işlər görülüb. Belə ki, ötən illərdə neft gəlirləri ölkəmizdə qeyri-neft sektorunun inkişafına, "qara qızıl"ın insan kapitalına çevrilməsinə yönəldilib. Beynəlxalq maliyyə təşkilatlarının da ümumi qənaəti belədir ki, ayrı-ayrı sahələrdə həyata keçiriləcək tədbirlər nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişaf 2016-cı ildə də təmin olunacaq.

Daxili işlər naziri qarşıda duran əsas vəzifələrdən də danışıb. O, aparılacaq struktur islahatlarının və neqativ hallara qarşı mübarizənin gücləndirilməsinin izafi xərclərin qarşısını alacağını, dövlət idarəçiliyi sisteminin çevikliyini və səmərəliliyini artıracağını, eyni zamanda, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi mənfi amillərin tam aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.

Ramil Usubov ölkə başçısı tərəfindən dövlət qurumlarının və icra strukturlarının qarşısında iş adamları üçün lazımi şəraitin yaradılmasının bir vəzifə kimi qoyulduğunu, son aylar kənd təsərrüfatında, sənayedə, biznes mühitində daha çevik idarəetmə mexanizmlərinin tətbiq edildiyini, sahibkarlığın inkişafına maneələrin qanunvericilik səviyyəsində aradan qaldırıldığını, kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu məqsədlə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın və obyektivliyin, bu sahədə çoxpilləliyin təmin edilməsi, şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı tərəfindən cari il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında fərmanlar imzalandığını xatırladıb.

Bu istiqamətdə digər əhəmiyyətli addımın həmin tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə Prezidentin imzaladığı daha bir fərman olduğunu nəzərə çatdırıb. Ölkəmizin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsinə və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş bütün tədbirlərin sahibkarlığın inkişafına, yerli istehsalın stimullaşdırılmasına və maliyyə dayanıqlılığının təmin olunmasına xidmət etdiyini, yerli istehsalı qorumaqla yanaşı, azad rəqabətin və azad qiymətlərin təmin edilməsinə yönəldiyini vurğulayıb.

Azərbaycanın iqtisadi inkişafının baza sütunlarından birinə çevrilən, 2004-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramının qəbul edildiyini və onların icrasının əhəmiyyətini vurğulayan nazir R.Usubov bu konseptual sənədlərin ölkəmizin sürətli inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının xeyli dəyişməsində, müasirləşməsində mühüm rol oynadığından söz açıb. Həmçinin, hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icra olunduğunu bildirərək həmin sənəddə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməsinə, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaratdığına diqqəti çəkib. Dövlət proqramlarının icrası çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdədə də böyük işlər görüldüyünü, bu məqsədlə rayonda müxtəlif təyinatlı obyektlərin istismara verildiyini xatırladıb.

Nazir diqqətəlayiq bir faktı xüsusilə vurğulayıb ki, dövlət başçısı rayonda görülmüş işlərlə tanış olmaq üçün 2004-2015-ci illərdə 7 dəfə Bərdə rayonuna səfər edib. Ötən il mart ayının 12-də müxtəlif təyinatlı obyektlərdə olub, 47 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarın, 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksinin, Uşaq İncəsənət Məktəbinin, avtomobil yollarının və vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzinin açılış mərasimlərində şəxsən iştirak edib, Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

Daxili işlər naziri Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin nəticələrinə həsr olunmuş iclaslarda dövlət başçısının iqtisadi inkişaf templərinin daxili resurslar, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları hesabına 2016-cı ildə də təmin edilməsi, dövlət vəsaitlərinin xərclənməsində israfçılığın qarşısının alınması, ciddi maliyyə, ictimai, dövlət nəzarətinin olması, ictimai nəzarət mexanizmlərinin işə salınması, inhisarçılığa, bürokratiyaya, korrupsiyaya və rüşvətxorluğa qarşı davamlı mübarizə aparılmasına dair ciddi tələblər qoyduğunu xatırladıb. O cümlədən, yerli sahibkarların ölkə iqtisadiyyatına daha çox sərmayə qoymaları, bunun üçün icra qurumlarının lazımi şərait yaratması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi, sahibkarların işinə hər hansı müdaxilənin yolverilməzliyi, onların bu işə həvəsləndirilməsi, istehsal olunan məhsulun satılması üçün əlverişli şəraitin yaradılması, məhsulun saxlanılması məqsədilə xüsusi anbarların, bazaların inşa edilməsi, bölgələrdə sənaye zonalarının yaradılması və s. kimi mühüm vəzifələrin də qarşıya qoyulduğu diqqətə çatdırılıb.

Bu istiqamətdə önəmli məsəslələrdən biri kimi bankların sahibkarlara güzəştli kreditlər verməsinin, iri fermer təsərrüfatlarının yaradılmasının, aqrar bölgələr içərisində pambıq istehsalına görə həmişə öndə olan Bərdədə pambıqçılığın inkişafının, rayonda pambıqtəmizləyici zavodların, əyirici kombinatların, toxuculuq fabriklərinin tikilməsinin, Qarabağ bölgəsində ənənəvi sənət növlərindən biri kimi xalçaçılığın bərpasının, yerli icra orqanlarının öz işlərini məqsədyönlü qurmalarınnı, təşəbbüskar olmalarının, Prezidentin qeyd etdiyi kimi, icra qurumlarının bundan sonrakı fəaliyyətinə qiymətin məhz investisiya cəlbi və büdcədən asılılığı aradan qaldırmaq bacarığına görə veriləcəyinin, həmçinin, vətəndaşlarımızın mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin, məmur-vətəndaş münasibətlərinin, təhsillə bağlı məsələlərin hər zaman diqqətdə saxlanılmasının vacibliyini nəzərə çatdırıb. Qeyd edilib ki, bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən özəl sektorun təmsilçiləri antiböhran tədbirlərinə öz dəstək və töhfələrini verməli və qlobal böhranın ölkəmizə təsirinin minimuma endirilməsinə yardımçı olmalıdırlar.

Nazir əmin olduğunu bildirib ki, möhtərəm Prezidentimizin böyük səyləri, ölkəmizin güclü iqtisadi-maliyyə potensialı, iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulmuş hədəflərə nail olunmasına, o cümlədən Bərdə rayonunun da inkişafının stimullaşdırılmasına və əhalinin məşğulluğunun artırılmasına əlverişli zəmin yaradacaq.

Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin antiböhran tədbirlərini, yerlərdə biznes mühitinin inkişafına yönəlmiş qətiyyətli addımlarını dəstəklədiklərini bildiriblər, bu istiqamətdə bəzi arzu və təkliflərini səsləndiriblər, göstərilən ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.

Daxili işlər naziri Ramil Usubov görüşdə səslənmiş təklif və müraciətlərin aidiyyəti üzrə baxılıb həllinə köməklik göstəriləcəyini qeyd edib.

Görüşdə Milli Məclisin deputatları Gövhər BaxşəliyevaZahid Oruc iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi