Yuxarı
    Bağlamaq

    Ramil Usubov: "Qlobal xarakterli təhlükələrə qarşı səylər birləşdirilməlidir"

    Nazir Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirini qəbul edib

    Bakı. 5 fevral. REPORT.AZ/ Daxili işlər naziri general-polkovnik Ramil Usubov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Mohammad Taqi Xalili qəbul edib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Nazir iki ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu, Əfqanıstan İslam Respublikasının Prezidentinin ötən ilin sonlarında ölkəmizə səfərinin əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildirib.

    Daha sonra Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud krirminogen durum, eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin vəziyyət, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı, 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvalarından didərgin düşməsi barədə qısa məlumat verib. Nazir qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

    O da bildirilib ki, ölkənin sürətli inkişafını şərtləndirən əsas amillərdən olan ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizədə müsbət nəticələrin qazanılması bir tərəfdən şəxsi heyətin peşəkarlığının artırılması, hüquq-mühafizə oqanlarının əlaqəli fəaliyyəti, digər tərəfdən yeni informasiya texnologiyalarının geniş tətbiqi nəticəsində mümkün olub. Bu məqsədlə son illər mötəbər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə 6000-dən çox əməkdaş iştirak edib.

    Problemlərə toxunan nazir terrorizmin əfqan xalqına böyük bəlalar gətirdiyini, ölkənin də bundan xeyli əziyyət çəkdiyini xatırladaraq transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotika qaçaqmalçılığı ilə mübarizənin həmişə diqqət mərkəzində durduğunu, belə qlobal xarakterli təhlükələrə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Göstərilən istiqamətdə iki ölkənin müvafiq strukturları arasında saziş layihəsinin hazırlanaraq aidiyyəti orqanlara təqdim edildiyi səfirin nəzərinə çatdırılıb.

    Səfir Mohammad Taqi Xalil dövlətlər və xalqlar arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnun qaldığını, hələ 20 il öncə tələbə ikən bir müddət ölkəmizdə olduğunu, ötən illər ərzində Azərbaycanın inanılmaz dərəcədə dəyişərək gözəlləşdiyini və inkişaf etdiyini, sabitlik, təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətlərinə nümunə ola biləcəyini bildirib, diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi