Ramil Usubov polis olmaq istəyən gənclər arasında seçim edəcək

Ramil Usubov polis olmaq istəyən gənclər arasında seçim edəcək Müsabiqəyə Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə elan edilib
Daxili siyasət
5 Noyabr , 2015 17:35
Ramil Usubov polis olmaq istəyən gənclər arasında seçim edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Dekabrın 10-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında sıra baxışı keçirəcək. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib. 

Sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq, yaşı 20 ilə 25 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının kişi cinsindən olan vətəndaşları iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə elan edilib. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Son xəbərlər

Orphus sistemi