Ramil Usubov Gəncə və Qəbələdə sıra baxışı keçirib

Ramil Usubov Gəncə və Qəbələdə sıra baxışı keçirib Sıra baxışlarında həmin bölgələrdə yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən ümumilikdə 1 000 nəfər iştirak edib
Daxili siyasət
17 May , 2016 17:56
Ramil Usubov Gəncə və Qəbələdə sıra baxışı keçirib

Bakı. 17 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə və ətraf rayonların, bu gün isə Qəbələ rayonundakı Daxili Qoşunların hərbi hissəsinin meydanında Şimal-Qərb bölgəsinin ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sıra baxışlarında həmin bölgələrdə yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən ümumilikdə 1 000 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 120 nəfəri polisin və Daxili Qoşunların sıralarında xidmətə, 276 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımlar atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib. 

Qeyd olunub ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Daxili işlər naziri onu da vurğulayıb ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.

General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək daxili işlər orqanlarının əməkdaşı adını daim uca tutmalarını, bilik və bacarıqlarını, təcrübələrini daim artırmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi