Ramil Usubov: "Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir"

Ramil Usubov: "Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir" Nazir döyüş bayrağının təqdim olunması mərasimində iştirak edib
Daxili siyasət
2 Mart , 2015 17:59

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Qəbələ şəhərində yerləşən "N" saylı hərbi hissəsinə döyüş bayrağının təqdim olunmasına həsr edilən təntənəli mərasim keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə daxili işlər nazirinin qarşılanması olub, nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Vətən uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunub.

Daxili işlər naziri Prezidentin müvafiq fərmanı ilə verilən döyüş bayrağını hərbi hissənin komandirinə təqdim edib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək DQ-nin inkişafından və xüsusilə son illərdə əldə etdiyi uğurlardan danışıb: "Bu gün DİN-in Daxili Qoşunları qarşısına qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına, müasir maddi-texniki bazaya malik bir quruma çevrilib. Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində dövlət başçısı, daxili işlər nazirinin əmr və göstərişləri mütəmadi olaraq həyata keçirilir. Bu xüsusi diqqət və qayğıya şəxsi heyət öz layiqli xidməti ilə cavab verəcək, Döyüş Bayrağını hünərlə, böyük fədakarlıqla qoruyacaq, dövlətimizə və xalqımıza həmişə sədaqətli olacaq".

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.

General-polkovnik Ramil Usubov onun ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini xatırladıb, Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyin, milli mənafelərin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkədə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini qeyd edib.

Daxili Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini qeyd edən nazir ötən il sentyabrın 22-də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözügedən hərbi hissədə inşa olunan yeni şəhərciyin açılışındakı iştirakını xatırladaraq, onun dəfələrlə hərbi hissələrdə olmasının, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanmasının və göstərdiyi qayğının hərbi qulluqçuların döyüş ruhunun yüksəlməsinə təkan verdiyini, Vətənə, xalqa xidmət əzmini daha da artırdığını vurğulayıb. Bildirilib ki, ictimai qaydanın qorunmasında və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyi ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirilir, hərbi qulluqçular müxtəlif dövlət mükafatları ilə təltif olunur.

Son xəbərlər

Orphus sistemi