Ramil Usubov Bərdədə 12 rayonun sakinlərini qəbul edəcək

Ramil Usubov Bərdədə 12 rayonun sakinlərini qəbul edəcək Qəbuldan sonra sıra baxışı keçiriləcək
Daxili siyasət
11 May , 2016 09:23
Ramil Usubov Bərdədə 12 rayonun sakinlərini qəbul edəcək

Bakı. 11 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 27-də Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini Bərdə Rayon Polis Şöbəsində qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və qurumun səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbul başa çatdıqdan sonra "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində qeyd olunan şəhər, rayon polis orqanlarında vakant olan 103 mülki işçi vəzifələrinə Azərbaycan vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçən, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi