Yuxarı

Ramil Usubov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, R.Usubov dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarusprezidenti Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığı qısa müddətdə keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmağa, ölkələrimiz arasında siyasi dialoqu uğurla davam etdirməyə imkan verdiyini məmnunluqla vurğulayıb.

Daha sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəmizdəki mövcud kriminogen durum, müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət barədə qısa məlumat verib. Qeyd olunub ki, yalnız ümummillli lider Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında görülən qətiyyətli tədbirlərlə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti tam nəzarətə götürülüb.

Daxili işlər naziri problemlərə toxunarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının zəruriliyini bildirib.

Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini nəzərə çatdıran Ramil Usubov dost ölkənin Daxili İşlər Nazirliyi ilə sıx işbirliyinin mövcudluğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına yeni töhfə verəcəyinə əminliyini xüsusi qeyd edib. Eyni zamanda, hər iki ölkənin Daxili İşlər nazirlikləri Daxili Qoşunlarının əməkdaşlığının son illər uğurla inkişaf etdiyi və bu sahədə bir sıra müsbət nəticələrin əldə olunduğu da nəzərə çatdırılıb.

Stanislav Zas müstəqillik illərində Azərbaycanda geniş abadlıq, quruculuq işlərinin aparıldığını, böyük inkişaf nəticəsində Bakının simasının tamamilə dəyişdiyini, qazanılan uğurların onlarda məmnunluq hissi doğurduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Görüşdə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi