Yuxarı

Ramil Usubov Avstriyanın Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Azərbaycan-Avstriya münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib

Bakı. 18 mart. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.

"Report" DIN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qonağı salamlayan nazir bu təyinat münasibətilə onu təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-Avstriya münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Avstriyalı diplomata müstəqilliyin qazanılmasından sonrakı dövr ərzində ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi hadisələr, xalqın təkidli tələbilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, onun rəhbərliyi altında həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi, həmçinin, DİN-in əsas hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan nazir ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən avstriyalı mütəxəssislərin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan-Avstriya münasibətləri barədə danışan Ramil Usubov iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini xatırladıb. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-nin ölkəmizin anoloji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran cənab Ramil Usubov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, son 3 ildə Avstryada keçirilən elmi-praktik konfranslarda, seminarlarda və treninqlərdə 700-ə yaxın əməkdaşın iştirakını xüsusi qeyd edib.

Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş “Avrovizyon” mahnı müsabiqəsi, indi isə I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.

Səfir Aksel Vex səmimi qəbula və ətraflı məlumata, bu yaxınlarda respublikamızda səfərdə olmuş Avstriya DİN-in nümayəndə heyətinə göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin günü-gündən inkişaf etdiyini vurğuayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi