Yuxarı

Ədliyyə Nazirliyi AXCP-nin qurultayla bağlı müraciətini cavablandırıb

Nazirlik partiyanın qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu ilin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciətini cavablandırıb.

"Report"un məlumatına görə, bu barədə Əli Kərimli "facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O bildirib ki, nazirlik partiyanın qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb.

"Ədliyyə Nazirliyi təqdim etdiyimiz qurultay sənədlərini geri qaytarıb. Deyirlər ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP “Etimad qurultayı” adı ilə sənəd təqdim edib. Ədliyyə Nazirliyi də “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” təqdim etdiyimiz sənədləri geri qaytarıb.Təkilif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edək" - deyə, Ə.Kərimli qeyd edib.

Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

AXCP-nin sentyabrın 27-də keçirilən qurultayında Əli Kərimli açıq səsvermə ilə yenidən sədr seçilib. Sədrliyə alternativ namizəd - partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli isə səsvermənin gizli keçirilmədiyini əsas gətirərək namizədliyini geri götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi