Yuxarı
    Bağlamaq

    ​KXCP-nin 26 rayon təşkilatı partiyanın qurultayını boykot edib

    Hazırda 26 rayon şöbəsi partya sədri Mirmahmud Mirəlioğlunun yürütdüyü siyasəti dəstəkləmir

    Bakı. 31 iyul. REPORT.AZ/ "Klassik Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatı daxil olmaqla, 26 rayon şöbəsi "Demokratik Birlik" Fraksiyasının üzvüdür və həmin yerli təşkilatlar qurultayda iştirak etməyəcəklər".

    Bunu "Report"a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Salyan rayon təşkilatının sədri, "Demokratik Birlik" Fraksiyasının həmtəsisçisi Ədalət Yusubov deyib.

    O bildirib ki, KXCP üzvlərinin əksəriyyəti qayəsi, mahiyyəti bölücülükdən ibarət olan hazırkı rəhbərliyin təşkil etdiyi qurultayda iştirak etməyəcəklər: "Bizim heç Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məlumatımız olmayıb. Bilirsiz, KXCP ən yaxşı partiyalardandır, sadəcə, yiyəsi yoxdur, qabiliyyət sahibi yoxdur ki, partiyanı idarə etsin. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsin 3-5 nəfər toplayıb, konfrans keçirib, protokol tərtib ediblər. Əksər protokollar KXCP-nin mərkəzi qərargahında hazırlanıb. Təəssüflər olsun ki, saxtakarlığa yol verirlər və Əbülfəz Elçibəyin ideyalarını dəstəkləyənlərin bəziləri də bu siyasətin qurbanı olublar. Dəyərli insanların alver predmetinə çevrilməsi üzücü haldır. KXCP rəhbərliyindən narazı olanlar təklif edirdi ki, avqustun 1-də qurultay keçirilən binanın qarşısına 300-350 nəfərlik partiya üzvü toplaşsın və etiraz etsin. Sonradan isə bu fikrimizdən daşındıq. Əminik ki, üzvlər partiya rəhbərliyinin siyasətinə "dayan" deyəcəklər. Hazırda 26 rayon şöbəsi Mirmahmud Mirəlioğlunun yürütdüyü siyasəti dəstəkləmir".

    Ə.Yusubov qeyd edib ki, qurultayla bağlı "Demokratik Birlik" Fraksiyasının adekvat cavabı olacaq: "İstefa verməyi düşünmürük, "Demokratik Birlik" Fraksiyasında təmərküzləşmə prosesi baş verəcək. Partiya daxilində KXCP-nin ideyasına xəyanət edənlərə qarşı sona qədər mübarizə aparacağıq. Zaman gələcək, üzvlər deputat mandatı alverinə girənləri fitə basacaq".

    KXCP sədrinin müavini Xəzər Teyyublu isə ittihamlara cavab vermək istəməyib.

    KXCP-nin qurultayı avqustun 1-də Bakının Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi