Qubada Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib

Qubada Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib Mövlanovlar ailəsinin daha 2 üzvü zabit kimi ordu sıralarında xidmət edir
Daxili siyasət
23 Fevral , 2021 18:48
Qubada Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı, briqada komandiri, polkovnik Nizami Bəydəmir oğlu Mövlanov uzunmüddətli müalicədən sonra valideynləri ilə görüşmək üçün Quba rayonuna gəlib.

"Report"un Şimal bürosunun məlumatına görə, o, əvvəlcə Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı və 44 günə zəfərlə bitirdiyi döyüşlərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən insanların uyuduğu Qubadakı Şəhidlər xiyabanını ziyarət edib.

N.Mövlanov daha sonra Novruz bayramının ilk çərşənbəsini valideynlərilə birgə qeyd etmək üçün doğulduğu Utuq kəndinə gəlib. Vətən Müharibəsi Qəhrəmanı ilə görüşmək üçün kənd sakinləri onun doğulub boya-başa çatdığı evə axın ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Qubanın mərkəzindən 80 kilometr məsafədə, dəniz səviyyəsindən 1 328 metr yüksəklikdə yerləşən Utuq kəndinə gələrək N.Mövlanovla görüşüb. İcra başçısı onun Vətən qarşısındakı xidmətlərini sadalayıb, bu xidmətlərinə görə Ali Baş Komandan tərəfindən ali təltiflərə layiq görüldüyünü bildirib.

Qeyd edək ki, N.Mövlanov Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı", "Füzulinin azad olunması uğrunda", "Cəbrayılın azad olunması uğrunda", "Xocavəndin azad olunması uğrunda", "Şuşanın azad olunması uğrunda" və 2019-cu ildə "İgidliyə görə" medalları ilə təltif olunub.

Bundan başqa, Mövlanovlar ailəsinin daha 2 üzvü zabit kimi ordu sıralarında xidmət edir. Qardaşı, polkovnik-leytenat Tərlan Bəydəmir oğlu Mövlanov ordu korpusunun artilleriya komandirinin müavini olaraq Vətən müharibəsində iştirak edib, "Azərbaycan Bayrağı" ordeni, "Ağdamın azad olunması uğrunda", "Suqovuşanın azad olunması uğrunda" medalları ilə, qardaşı oğlu, baş leytenant, Laçın Şahin oğlu Mövlanov artilleriya batareyasının komandiri, "Zəngilanın azad olunması uğrunda", "Qubadlının azad olunması uğrunda" və "Cəbrayılın azad olunması uğrunda" medalları ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi