Yuxarı

Qubad İbadoğlu: "Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir"

Müsavat Partiyası Divanı vədinə xilaf çıxdı

Bakı. 7 fevral. REPORT.AZ/ "Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların, 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular". "Report" xəbər verir ki, bu fikirləri Müsavat Partiyasından xaric edilən Qubad İbadoğlu sosial şəbəkələrdəki səhifəsində paylaşıb.

O, Müsavat Partiyası Divanının vədinə xilaf çıxdığını və  müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəlcədən verdiyi razılığı son anda pozduğunu bildirib.

"Bağlı qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən "divantutma"nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Amma ki, nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş", - Qubad İbadoğlu satusa əlavə edib.

Müsavat Partiyasının başqanlığına sabiq namizəd onun haqqında çıxarılan qərarın sifariş olduğunu yazıb: "Mən xeyli əvvəldən bu sifarişin nominal başqanın yox, real başqanın verdiyini bilirdim. Bu gün sadəcə üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən bu adamlar fərqindədirlərmi ki, qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırırlar. Görünən kəndə nə bələdçi, bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq".

O qeyd edib ki, Müsavat Partiyasında bir kabus dolaşmaqdadır: "Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin "dilini kəsmək siyasətidir". Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir".

Q.İbadoğlu müsavatçıları ruhdan düşməməyə də çağırıb: "Fədakar müsavatçı bacı və qardaşlarım! Qətiyyən ruhdan düşməyin! Bu qondarma, qeyri-legitim rəhbərlik istədiyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. İlan ulduz görməsə, ölməz deyiblər atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb". 

Qeyd edək ki, fevralın 6-da Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib. İclasda partiyadaxili məsələlər, xüsusilə Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun partiyanın sıralarından xaric edilməsi məsələsi müzakirə edilib. Yığıncağa Q.İbadoğlu da dəvət olunmasına baxmayaraq, ancaq o, toplantıda iştirak etməyib. Müzakirələrin yekununda Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi məsələsi səsə qoyulub və 12 nəfər lehinə, 1 nəfər bitərəf qalmaqla qərar qəbul olunub.

Xatırladaq ki, Divanın fevralın 2-də keçirilən toplantısında Q.İbadoğluna rəsmi xəbərdarlıq edilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi