​Qubad İbadoğlu: “Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin legitimliyini tanımamışam”

​Qubad İbadoğlu: “Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin legitimliyini tanımamışam” Qubad İbadoğlu sabiq başqan İsa Qəmbərə cavab verib
Daxili siyasət
15 Oktyabr , 2014 11:30
​Qubad İbadoğlu: “Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin legitimliyini tanımamışam”
Bakı. 15 oktyabr. REPORT.AZ/ “İsa Qəmbərin partiya Məclisinin son iclasında qaldırdığı bütün məsələlərə aydın və faktlara söykənən cavablarım var. Onlardan birini açıqlayıram. Mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mövcud tərkibinə etiraz əlaməti olaraq, səsvermələrdə iştirak etməməklə, onun legitimliyini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün kompromisə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm”.

“Report”un məlumatına görə, bu sözləri Azərbaycanda müxalifyönümlü Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu “facebook” sosial şəbəkəsindəki səhifəsində sabiq başqan İsa Qəmbərin partiya Məclisinin son iclasında dediklərinə cavab olaraq yazıb. O Məclisdə səslənən digər fikirlərlə bağlı "Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış"da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra mövqeyini açıqlayacağını bildirib: “Təqdim olunan arayışda qoyulan məsələlər İsa Qəmbər tərəfindən araşdırma başlamışdan əvvəl şübhə altına alınıb, lakin biz müraciətimizə rəsmi cavabı gözləyirik”.

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiya Məclisinin iclasında çıxışı zamanı qurultayın qərarına qarşı çıxanları qınayıb. O, başqanlığa seçkilərlə bağlı narazılıqların seçkilərdən sonra qabardılmasını doğru hesab etməyib: “Seçki ilə bağlı məsələlərin şişirdilməsi doğru deyil. Çünki Müsavatda seçkilər tam şəffaf keçirilib. Belə hallar vardısa belə, bunu əvvəlcədən demək lazım idi. Mənfi fikir formalaşdıranlar bilməlidirlər ki, bundan nə onların özünə, nə də Müsavata xeyir var. Bir düşünsünlər ki, bu, kimə xeyirdir?!”.

Son xəbərlər

Orphus sistemi