Yuxarı

​Qubad İbadoğlu Müsavat Gənclər Təşkilatının sədrinin istefasına münasibət bildirib

Onun Müsavatı seçməsi məni nə qədər sevindirmişdisə, partiyadan getməsi də bir o qədər məyus edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Əhliman Abbasın və onun kimi digər müasir dünyagörüşlü və azad fikirli gəncləri partiyada saxlaya bilmirik. Mən onun partiyadan getməsinə, nəinki təəssüflənirəm, həm də partiyanın gələcəyinə acıyıram. Onun Müsavatı seçməsi məni nə qədər sevindirmişdisə, partiyadan getməsi də bir o qədər məyus edib”.

“Report”un məlumatına görə, bunu Azərbaycanda müxalifyönümlü Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, Ə.Abbasın istefasını xaricdə təhsil alıb vətənə qayıdaraq siyasətə baş vuran bir azərbaycanlı gəncin uğursuzluğu kimi deyil, ölkənin gələcəyinə verilə biləcək əhəmiyyətli töhfənin itkisi kimi qiymətləndirib: “O, analitik təfəkkürlü və siyasi təhlil qabiliyyətinə malik, siyasətdə ideyalarını reallaşdırmaq istəyən və bu prosesə daimi yenilik gətirmək niyyətində olan potensiallı gənclərdəndir. İnanıram ki, Əhliman Abbas bundan sonrakı fəaliyyətində də vətən sevgisi  ilə başladığı mübarizəsini Azərbaycan demokratikləşənə qədər davam etdirəcək”.

“Əhliman Abbasın Müsavata gəlməsində mənim rolum olsa da, onun partiyadan getməsini heç vaxt arzulamamışam. 2011-ci ildə Əhliman bəy öz arzusu ilə Müsavat Partiyasını seçdi, onu mənim təqdimatımla Divanda qəbul elədik. Qəbulla bağlı təqdimatdan bəlli oldu ki, onu partiyaya gətirən müsavatçılıq ideologiyası və Azərbaycan amalıdır. O, Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi istedadlar qrupunda bakalavr, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Belə gəncləri müxalif mövqedə olan siyası partiyalarda barmaqla saymaq olar. O xaricdə təhsil alıb vətənə qayıdanda digər seçimlərə malik olsa da karyera və mənafe ardınca getmədi, başqalarından fərqli olaraq yenə də Müsavata gələrək, yoluna davam elədi. Debütü də pis olmadı, ilk dəfə qoşulduğu seçkilərdə gənclərin böyük əksəriyyətinin səsini qazandı və üzərinə böyük məsuliyyət götürdü. Düşünürəm ki, bəlkə də o, bu məsuliyyəti üzərinə götürməsəydi, hazırda belə qərar verməzdi. Çünki onun məlum qərarı üzərindəki məsuliyyətdən, yalnız özünün yox, daha çox ətrafında olan gənclərin qarşısında götürdüyü öhdəlikləri indiki şərtlər daxilində yerinə yetirə bilməyəcəyi narahatçılığından irəli gəlir. Onlar yeni dönəmdə partiyanın idarəçiliyində təmsil olunmaq və potensiallarını daha yaxşı reallaşdırmaq əzmində idilər. Məhz ona görə də gənclərin son qurultaydan gözləntiləri çox idi”-  deyə, Q.İbadoğlu qeyd edib.

Qeyd edək ki, oktyabrın 12-də Müsavat Gənclər Təşkilatının (MGT) sədri Əhliman Abbas partiyadan istefa verəcəyini açıqlayıb. O, istefasının səbəblərini partiyada qurultaydan sonrakı dövrdə baş verənlərlə əlaqələndirib. Ə.Abbas başqanlığa keçmiş namizəd Q.İbadoğlunun tərəfdarlarından olub.

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayından sonra partiyadan 11 nəfər istefa verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi