“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” təsdiqlənib

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” təsdiqlənib Bu sənəd hüquqi və fiziki şəxslər tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin qeydə alınmasını tənzimləyəcək
Daxili siyasət
14 İyun , 2015 09:56
“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” təsdiqlənib

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasi-Zadə “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə qərarı imzalayıb. 

“Report” xəbər verir ki, bu qayda “Qrant haqqında” qanunun 4-cü maddəsinin 4-2-ci hissəsinə uyğun olaraq hazırlanıb. Bu qayda Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, qanunun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların (müqavilə (qərar) qeydə alınmasını tənzimləyir. Bu qaydada qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur. Müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına münasibətdə İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi (qeydiyyat orqanı) tərəfindən həyata keçirilir. Azərbaycanın hüquqi və ya fiziki şəxsi, habelə hüquqi şəxsinin filial və nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən qeydiyyat orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən qeydiyyat orqanına təqdim olunur. Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 gündən gec olmayaraq, bu qaydanın 5 nömrəli əlavəsində göstərilən formaya uyğun təqdim olunur. Qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Bank əməliyyatları müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər. Qeydiyyat orqanı qeydə alınmış qrant müqavilələri (qərarları) haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrinə ümumiləşdirilmiş məlumat verməlidir.

Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün bu qaydanın əlavələrində göstərilmiş ərizələrə müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi, müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi, donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti, “Qrant haqqında” qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti, qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd və bu qaydada göstərilən şəxslərin adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə əlavə olunur. 

Bu qaydaya əsasən təqdim edilməsi nəzərdə tutulmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilir. Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməlidir. Xarici ölkədə tərtib olunmuş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

Qeydiyyat orqanı tərəfindən bildirişin verilməsi üçün təqdim edilmiş sənədlərin və müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin ölkə qanunlarına, resipiyentin nizamnaməsinə (əsasnaməsinə), o cümlədən müqavilənin (qərarın) şərtlərinin qrant anlayışına uyğunluğu, dövlət büdcəsindən maliyyələşdirilən qurumlar tərəfindən verilmiş qrantların həmin qurumların fəaliyyət sahələrinə uyğunluğu, resipiyentin “Qrant haqqında” qanunun 3-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş meyarlara uyğun olması və qrantın qanunun 2-ci maddəsində nəzərdə tutulmuş donorlardan əldə edilməsi, müqaviləni (qərarı) imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması, Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində ölkə qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu, bu qaydada göstərilmiş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü, qrant verən təşkilat dövlət qurumu olduğu halda, onun “Qrant haqqında” qanunun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş siyahıda olması, həmin qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən layihənin həyata keçirildiyi dövrdə qrant vəsaitlərinin təyinatının dəyişdirilməsi, qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi şərtləri müqavilədə (qərarda) nəzərdə tutulmadığı hallarda donorun buna yazılı razılığının verilməsi və müqavilənin (qərarın) müddəalarının aydın ifadə olunması və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi araşdırılmalıdır. 

Qeydiyyat orqanı bu qayda ilə müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda,15 gün müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bu qaydanın 6 nömrəli əlavəsində göstərilmiş bildirişi verir. Bu qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 günədək uzadıla bilər. Müqavilənin (qərarın) qeydə alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə (qərar) qeydə alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Qrant müqaviləsi (qərarı) üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir. Qeydiyyat kitabı qalın karton üzlü, qalın və keyfiyyətli kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34 sm x 27 sm ölçüdə tərtib edilir, qaytanlanır və möhürlənir. Kitabın üstündə nömrəsi, aparıldığı il və müqavilələrin başlanğıc və son fərdi qeydiyyat nömrəsini göstərən rəqəmlər göstərilməlidir (məsələn, C1, 2015-ci il, Qrant № 1-50). Qeydiyyat kitabı il tamam olduqda, bağlanır və növbəti il üçün yeni kitab tərtib edilir. Qeydiyyat kitabı hər bir müqaviləyə dair hər biri 1 səhifədən ibarət olan 2 bölmədən ibarətdir (1-ci bölmə “Ümumi məlumatlar” (donor, resipiyent, müqavilənin tarixi, icra müddəti, əlaqə telefonları, elektron poçt ünvanı), 2-ci bölmə “Qrant müqaviləsi (qərarı) barədə məlumat” (qrant müqaviləsinin (qərarının) adı, məqsədi, müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumatlar, qrant müqaviləsinin (qərarının) məbləği, qeydə alınmış qrant müqaviləsi (qərarı) üzrə əlavə və dəyişikliyə dair məlumat (tarixi və nömrəsi), qeyd) və bu qaydanın 7 nömrəli əlavəsində göstərilən formaya uyğun aparılır. Qeydiyyat kitabının hər səhifəsinin sağ yuxarı hissəsində qrantın fərdi qeydiyyat nömrəsi, müqavilənin qeydiyyata alınması tarixi və səhifənin sıra nömrəsi göstərilir. Təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edir. 

Qeydiyyat orqanı tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından bu qaydada göstərilmiş sənədlər təqdim edilmədikdə, araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda və qeydiyyat orqanı tərəfindən aşkar edilmiş çatışmazlıq bu qayda ilə müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda imtina edilir. 

Son xəbərlər

Orphus sistemi