​Azərbaycanda QHT-lərin maliyyə hesabatı ilə bağlı qaydalara dəyişiklik edilib

​Azərbaycanda QHT-lərin maliyyə hesabatı ilə bağlı qaydalara dəyişiklik edilib Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
31 Yanvar , 2015 09:49
​Azərbaycanda QHT-lərin maliyyə hesabatı ilə bağlı qaydalara dəyişiklik edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişikliklər edib.

"Report" xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı sənədə qeyri-hökumət təşkilatlarının (QHT), habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına uzunmüddətli aktivlər, qısamüddətli aktivlər, xalis aktivlər (kapital), uzunmüddətli öhdəliklər, qısamüddətli öhdəlikləri əks etdirən maddələr daxil edilib.

Eyni zamanda, qayda sənədinə əsasən, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edir. Qaydaya maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata cəmi gəlirlər, cəmi xərclər, ümumi mənfəəti (zərər) əks etdirən maddələr daxil edilib.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmununa qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən əldə edilmiş hər bir qrant üzrə qrant müqaviləsinin qeydə alınması barədə məlumat, donorun və qrant layihəsinin adı, müddəti, qrant vəsaitinin ümumi məbləği və hesabat dövründə köçürülən hissəsi, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnamə kapitalının ilkin məbləği və nizamnamə kapitalına əlavə edilmiş sonrakı qoyuluşlar barədə məlumatlar (o cümlədən nizamnamə kapitalına qoyuluş edən şəxslər barədə məlumatlar) əlavə edilib.

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Maliyyə hesabatlarına hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış, hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri də daxil edilməlidir.

Maliyyə Nazirliyi təqdim edilmiş arayışlara əsasən, hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim etməlidir.

Sənədə əsasən, maliyyə fəaliyyəti - qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatların aparılmasıdır.

Əsas fondlar - təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.

Hesablama metodu - əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınmasıdır.

Son xəbərlər

Orphus sistemi