Qərbi Azərbaycan Xronikası: “Ermənilər Xocalıda ata-anamı və qardaşımı girov götürdülər”

Qərbi Azərbaycan Xronikası: “Ermənilər Xocalıda ata-anamı və qardaşımı girov götürdülər” “Baku TV”nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Daxili siyasət
23 Fevral , 2024 23:00
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Xocalıda ata-anamı və qardaşımı girov götürdülər”

“Baku TV”nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report”un xəbərinə görə, “Ailəmiz Göyçədən Gəncəyə, oradan da Şuşaya və Xocalıya dörd dəfə köç edib” adlı veriliş atası, anası, qardaşı Xocalı faciəsində itkin düşən, Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kənd sakini Tahir Seyidovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərindən, kəndləri ilə bağlı maraqlı xatirələrindən danışıb:

“Gözəl yaşıl çəmənliklərimiz, dağlarımız, bulaqlarımız var idi. Dağlarda çox gəzirdik, oynayırdıq. Göyçə mahalına qayıtsaq, uşaqlıqdakı həyatımı yenidən yaşamaq istərdim. İkinci sinifə kimi Qaraqoyunlu kəndində oxudum, sonra təhsilimi Gəncə şəhərində davam etdirdim. Hər yay tətilində kəndimizə gedirdim”.

T.Seyidov bədnam qonşularımızın vəhşiliyindən söz açaraq bildirib ki, nənəsi ona 1905-ci ildə ermənilərin onları kənddən necə qovmasından danışıb:

“Ermənilər silahla kəndə hücum ediblər. Kənd camaatı Kəlbəcər rayonu ilə həmsərhəd olan Çalmalı dağını aşanda qışda borana-qara düşüb və xeyli insan ölüb. Belə hadisələr Xocalıda da baş verdi. 1988-ci ildə ermənilər insanları öz yurdundan qovanda atam Hidayət Bəhrəm oğlu Allahverdiyev, anam Simuzər Hüseynalı qızı Allahverdiyeva, qardaşım Bəhrəm Hidayət oğlu Allahverdiyev Gəncəyə, Göygölə, Şuşaya, sonra da Xocalı şəhərinə köçüblər. Onlar Xocalı hadisələri baş verəndə erməni vandalizminə tuş gəldilər.

Ermənilər atamı, anamı və qardaşımı girov götürüblər. İndiyədək onlardan heç bir xəbərimiz yoxdur. Onların adları Xocalı şəhidləri kimi qeyd olunub. Bu, ermənilərin xalqımıza, mənim ailəmə qarşı etdiyi böyük vəhşilikdir. Qaçqınlıq bizə çox böyük zərbə vurdu, ailəmi itirdim”.

O, Göyçə mahalına, Qərbi Azərbaycana qayıtmaq arzusunu da gizlətməyib:

“Ən böyük arzumdur ki, torpaqlarımız alınsın, qayıdaq öz yurdumuzda yaşayaq. Yurdumuzdan ötrü çox darıxıram. Qayıdıb öz kəndimdə yaşamaq istəyirəm. Ora bizim əzəli torpağımızdır, orada ulu babalarımızın, qohum-əqrabamın qəbirləri var. Onları ziyarət etmək lazımdıe. Ona görə də doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. Mən buna inanıram”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi