Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-3-də sərhəd idarəçiliyinə məsul olan qurumlarda idarəçilik modellərini müzakirə etmək və daha dərindən öyrənmək məqsədilə Qəbələdə “Sərhəd strukturlarında idarəçilik və rəhbərlik bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib.
Tədbir zamanı sərhəd idarəçiliyi orqanlarının əməkdaşları idarəetmə və rəhbərlik vəzifələrinə dair nəzəri biliklərini artırmaqla bu sahədə motivasiya, birgə fəaliyyət və struktur quruculuğu, idarəçilik üslubu, təşkilati inkişaf və idarəetmədə yarana biləcək çətinliklərin aradan qaldırılması üzrə məlumat mübadiləsini daha da gücləndirib. İştirakçılar bu sahədə ikitərəfli əməkdaşlığa dair beynəlxalq təcrübəni müzakirə edərək, belə əməkdaşlığın səmərəliliyi və icra mexanizimləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Layihə üzrə tərəf müqabili ICMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) Avstriyadan olan beynəlxalq ekspertlər tərəfindən keçirilən ikitərəfli təlimdə Azərbaycan Respublikasının (Dövlət Sərhəd Xidməti) və Gürcüstanın aidiyyəti dövlət qurumlarının (sərhəd və patrul polisi) nümayəndələri, BMT İP-nin Azərbaycan və Gürcüstan ofislərinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin BMT İP və Avropa İttifaqı ilə birgə həyata keçirdiyi adıçəkilən layihənin əsas məqsədi regionda ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə Azərbaycan və Gürcüstan arasında quru sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün hər iki ölkənin sərhəd orqanlarının fəaliyyət potensialını daha da inkişaf etdirməkdən ibarətdir.

