Qazi adından sui-istifadə halları artıb

Qazi adından sui-istifadə halları artıb Son vaxtlar qazi adından sui-istifadə edənlərin törətdiyi qanunsuzluqlarla bağlı tez-tez xəbərlər eşidirik. Kimisi nömrəsiz maşın sürür, kimisi əyninə hərbi forma geyinib pul yığır, kimisi də torpaq zəbt edir.
Daxili siyasət
230
18 Yanvar , 2022 11:35
Qazi adından sui-istifadə halları artıb

Son vaxtlar qazi adından sui-istifadə edənlərin törətdiyi qanunsuzluqlarla bağlı tez-tez xəbərlər eşidirik. Kimisi nömrəsiz maşın sürür, kimisi əyninə hərbi forma geyinib pul yığır, kimisi də torpaq zəbt edir.

Müharibədə iştirak edən də, etməyən də “qazi” adından istifadə edir. Onlar həm cəmiyyətdə, həm də dövlət qurumlarında qazilərə və şəhid ailələrinə böyük hörmət olduğunu çox yaxşı bilir və bundan faydalanmağa çalışırlar.

Məsələn, son vaxtlar sosial şəbəkələr imtiyazlı şəxslərə verilmiş nömrəsiz avtomobillərin, sayrışan işıqlarla idarə olunan nəqliyyat vasitələrinin görüntüləri ilə dolub-daşır. Bu nəqliyyat sürücülərinin bəziləri özünü “qazi” kimi təqdim etməklə yol hərəkəti qaydalarını pozduqları zaman, yollarda olan xüsusi texniki vasitələrdən, kameralardan yayınmağa cəhd edirlər. Bu da öz növbəsində qayda pozuntusu və digər hərəkət iştirakçılarının hüquqlarının pozulması deməkdir. Yollarda “avtoşluq” edən “qazi” hər hansı qəza törətsə, hansısa yaxınımızı vurub qaçsa, nömrəsiz avtomobili idarə edən şəxsin kimliyi necə müəyyən olunacaq? Bütün bunları nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə açıqlama yayaraq bu cür hərəkətlər edən qaziləri qanunlara və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırıb.

Qazi adından sui-istifadə edənlərin ən çox törətdiyi qanunsuzluqlardan biri də torpaq zəbt etməkdi. Xüsusilə, neft ərazilərindəki boş torpaq sahələri müxtəlif dələduzlar tərəfindən zəbt edilərək ev, obyekt tikilib daha sonra digər şəxslərə satılır. Bundan başqa qanunsuz tikinti işləri görmək istəyənlər də özünü qazi kimi təqdim edən dələduzların təklif etdiyi “xidmətlərdən” istifadə edir. Deyilənə görə, bunun müqabilində tikinti sahiblərindən 3-5 min manat pul alır, qarşılığında isə tikintinin başa çatdırılacağına, heç kimin müdaxilə etməyəcəyinə, bir sözlə, “hər şey mənlikdir” deyə söz verirlər. Digər aidiyyatı qurumlar qanunsuz işləri dayandırmaq istədikdə isə hay-küy salıb qalmaqal yaradaraq tikintilərin başa çatdırılmasına nail olurlar.

Budur, onlardan biri Mahir adlı şəxs qazi olduğunu iddia edərək Xətai rayonu, Rəşid Bağırov küçəsində, Heydər Əliyev adına neft emalı zavoduna məxsus yerüstü dizel xəttinin mühafizə zonasında qanunsuz zəbt edilən torpaq sahəsində ev tikdirir. Ətrafda yaşayan sakinlərin dediyinə görə, əslində tikintinin sahibi Eldar adlı başqa bir şəxsdir. Sadəcə qanunsuz işlərin tez bir zamanda başa çatdırılması işinə Mahir baxır. O, ətrafına topladığı bir neçə “qazilərlə” birlikdə, nəyin bahasına olursa-olsun tikintinin başa çatdırılacağını bildirir. “Yəni heç bir qanun-qayda tanımırıq və bizi heç kim dayandıra bilməz.” Üstəlik özü də etiraf edir ki, indiyə kimi bu yolla xeyli sayda qanunsuz tikintiyə havadarlıq edib. Görünür qanunsuz əməllərinin cəzasız qalması onu bir qədər də həvəsləndirib.

Bəzən qazilərin qanunsuz əməllərinə sosial şəbəkələrdə haqq qazandırılır, “onlar vuruşanda biz isti yatağımızda yatırdıq” kimi şərhlər verilir. Bəli, biz onlara həmişə minnətdar olacağıq, onların etdiyi fədakarlıq heç vaxt unudulmamalıdır. Amma bu o demək deyil ki, qazi, şəhid ailəsi adından istifadə edib istənilən qanunsuz əməli törətmək olar.

Şəhidlərimiz, qazilərimiz Vətəni təmənnasız sevib, onun uğrunda canlarından, sağlamlıqlarından keçiblər. Vətənə sevgi təmənnalı olmur. Haqsız tələb irəli sürüb qanunsuz iş tutanlar da bu təmənnadan əl çəkməlidirlər.

Bizim üçün qanunun aliliyi ən üstün dəyər olmalıdır. Hamı qanunlara tabe olmalıdır, qazilər də. Biz Azərbaycan qanunlarını Qarabağda bərqərar etmək üçün 44 gün vuruşduq. Azərbaycanın konstitusiya quruluşunu Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda bərpa etmək uğrunda üç min şəhid verdik. Lakin Azərbaycan qanunlarını işğal altında olan torpaqlarda bərqərar etmək üçün vuruşan qazinin indi özü həmin qanunları pozursa, burada bir səmimiyyətsizlik hiss olunur. Belələri minlərlə qəhrəman qazimizin adına ləkə yaxır, onların haqqına sahib çıxmaq istəyir. “Qazi” adının əzəmətini, böyüklüyünü qorumalıyıq, ona ləkə yaxanları, bayağılaşdıranları isə qınamalıyıq.

Son xəbərlər

Orphus sistemi