"Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra vəziyyəti 53 faiz təşkil edir”.
"Report"un xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
O qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi strateji layihələr yer alıb: “Bunlardan artıq bir neçəsi - “Zəfər yolu”, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi uğurla icra olunub.
Nazir müavini əlavə edib ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi uyğun olaraq 83 və 44 faiz təşkil edir.
R.Hümmətov hazırda ümumi uzunluğu 2157 kilometr olan 17 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların da əksəriyyətinin respublika əhəmiyyətli yollar olduğunu diqqətə çatdırıb.