Yuxarı
    Bağlamaq

    Qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun qüvvəyə minib - ƏLAVƏ OLUNUB

    Prezident sənədi imzalayıb

    Bakı. 29 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb.

    “Report” xəbər verir ki, bu qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

    Qanun qüvvəyə minib.

    Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tütün və tütün məmulatları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

    Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri aşağıdakılardır:

    1.vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsi;

    2. ətraf mühitdəki tütün tüstüsünün təsiri və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması;

    3. tütündən istifadənin nəticələrindən qorunma hüquqlarının təmin edilməsi üçün dövlətin və bələdiyyələrin, fərdi sahibkarların, hüquqi şəxslərin və digər qurumların məsuliyyəti;

    4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi zamanı sistemli yanaşma, bu tədbirlərin həyata keçirilməsinin fasiləsizliyi və ardıcıllığı;

    5. həyat və sağlamlığın qorunmasının tütün istehsalçılarının mənafelərindən üstünlüyü;

    6. tütündən istifadənin nəticələrindən qorunma sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsi;

    7. dövlətin, bələdiyyələrin, vətəndaşların, tütün təşkilatları ilə əlaqədar olmayan fərdi sahibkarların, hüquqi şəxslərin və qanunvericiliyə uyğun olaraq yaradılmış digər qurumların qarşılıqlı fəaliyyəti;

    8. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinin aşkarlığı və səmərəliliyinin müstəqil qiymətləndirilməsi;

    9. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması.

    Tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir:

    1. dövlət siyasətinin həyata keçirilməsi;

    2. sağlamlığın qorunması sahəsində qanunvericiliyə uyğun olaraq tibb müəssisələrində vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığı və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi yardım göstərilməsinin təşkilinin təmin edilməsi;

    3. dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;

    4. beynəlxalq əməkdaşlıq, o cümlədən beynəlxalq müqavilələrin bağlanması;

    5. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin monitorinqinin keçirilməsi, həmçinin Azərbaycan Respublikasının ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması.

    Tütündən istifadənin nəticələrindən qorunma sahəsində bələdiyyələrin vəzifələrinə aşağıdakılar aiddir:

    1. bələdiyyə ərazilərində vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunmasına xidmət edən tədbirlərin həyata keçirilməsi və belə tədbirlərdə iştirak;

    2. bələdiyyə ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması;

    3. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin nəticələrinin azaldılmasına yönəlmiş tədbirlərin monitorinqinin həyata keçirilməsi.

    Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi şəxslər aşağıdakı hüquqlara malikdirlər:

    1. tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunmasını müvafiq dövlət və bələdiyyə orqanlarından tələb etmək;

    2. tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə yönəlmiş tibbi yardım almaq;

    3. dövlət və bələdiyyə orqanlarından, fərdi sahibkarlardan, hüquqi şəxslərdən və digər qurumlardan ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlər haqqında məlumat almaq;

    4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə ictimai nəzarətdə iştirak etmək;

    5. tütündən istifadənin nəticələrindən qorunmanın təmin edilməsi barədə dövlət və bələdiyyə orqanlarına, habelə digər şəxslərə təkliflər təqdim etmək;

    6. qanunvericiliyin digər şəxslər tərəfindən pozulması nəticəsində həyat və sağlamlıqlarına, əmlaklarına vurulmuş ziyanın ödənilməsini tələb etmək.

    Tütündən istifadənin nəticələrindən qorunma sahəsində vətəndaşların vəzifələri aşağıdakılardır:

    1. tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin tələblərinə riayət etmək;

    2. uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyinin qeydinə qalmaq;

    3. başqa şəxslərin tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunması hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər etməmək.

    Hər kəsin tütün məmulatlarının və onlardan tüstü ilə ayrılan məhsulların komponentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırılması barədə məlumat almaq hüququ vardır.

    Tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.

    Hüquqi və fiziki şəxslərə tütün məmulatlarının satışında istifadəçılərin həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:

    1. tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;

    2. tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;

    3. tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi.

    Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarının istehlakçılara hədiyyə və ya yardım kimi paylanmasına yol verilmir.

    Ətraf mühitdəki tütün tüstüsünün təsirinin və tütün istifadəsi ilə bağlı xəstəliklərin yaranmasının qarşısının alınması və tütündən istifadənin azaldılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:

    1. ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulması və həmin qadağanın pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

    2. tütün məmulatlarına tələbatın azaldılmasına yönəlmiş qiymət, vergi və (və ya) rüsum tədbirləri;

    3. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması;

    4. tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növlərinin qadağan edilməsi;

    5. fiziki şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi və psixoloji yardımın göstərilməsi;

    6. tütün məmulatlarının qeyri-qanuni dövriyyəsinin qarşısının alınması;

    7. tütün məmulatlarının dövriyyəsinin məhdudlaşdırılması;

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır. Onların utilizasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

    1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

    2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

    3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

    4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

    5. ticarət obyektlərində;

    6. məişət obyektlərində;

    7. sosial xidmət müəssisələrində;

    8. yerləşdirmə vasitələrində;

    9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

    10. uşaq meydançalarında;

    11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;

    12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

    13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

    14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

    15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

    16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

    17. taksafonlarda;

    18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

    19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

    Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

    Tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər.

    Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

    1. Tütünə və tütün məmulatına tələbatın azaldılması, tütün istifadəsi ilə əlaqədar xəstəliklərin profilaktikası, sağlamlığa məsuliyyətli və tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə tütün məmulatlarının tərkibinin açıqlanmasına, qablaşdırılmasına və markalanmasına dair tələblər müəyyən edilir. Bu tələblərə aşağıdakılar barədə informasiya verilməsi daxildir:

    1. tütündən istifadənin dayandırılmasının üstünlükləri haqqında;

    2. tütündən istifadənin mənfi tibbi, demoqrafik və sosial-iqtisadi nəticələri haqqında;

    3. tütünçülük sənayesi haqqında.

    Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi ailədə, təhsil və tibb müəssisələrində, habelə işəgötürənlər tərəfindən iş yerlərində həyata keçirilir.

    Əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edilir.

    İnsanların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin pozulması məsələlərinə dair vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin müraciətləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən “qaynar xətlər” yaradılması və ya internet informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutulur.

    Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması dövlət və bələdiyyə orqanları, habelə ictimai birliklər tərəfindən kütləvi informasiya vasitələrində müvafiq kampaniyalar keçirilməsi vasitəsi ilə həyata keçirilir.

    Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması zamanı kütləvi informasiya vasitələrində informasiya kampaniyaları keçirilərkən tütün məmulatının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsinə icazə verilir.

    Kütləvi informasiya vasitələri tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliğində iştirak edirlər.

    Müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütündən istifadənin zərərli təsirləri barədə davamlı təbliğat işinin aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

    Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilir.

    Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.

    Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

    Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.

    Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir.

    Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.

    Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının və onlardan istifadənin reklamı və stimullaşdırılması ilə bağlı aşağıdakılar qadağan edilir:

    1. tütün məmulatlarının əhali arasında pulsuz, o cümlədən hədiyyələr şəklində yayılması;

    2. tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi;

    3. tütün məmulatlarının qiymətlərinə hər hansı üsullarla, habelə kuponlar və talonlar nəşr edilməsi yolu ilə güzəştlər tətbiq olunması;

    4. televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması;

    5. tütün məmulatlarının mükafat qismində verilməsi şərti ilə əmtəə satışını stimullaşdıran müxtəlif tədbirlərin (o cümlədən lotereyaların, müsabiqələrin, oyunların) təşkili və keçirilməsi.

    Tütün və tütün məmulatlarının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməz.

    Tütünün və tütün məmulatlarının, habelə tütün çəkmə ləvazimatlarının reklamı qadağandır.

    Tütündən istifadənin dayandırılması, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsi üçün tibb müəssisələrinə müraciət etmiş şəxslərə müvafiq tibbi yardım göstərilir.

    Vətəndaşlara tütündən istifadənin dayandırılması üçün tibbi yardım göstərilməsi, o cümlədən tütün asılılığının və tütündən istifadənin nəticələrinin profilaktikası, diaqnostikası və müalicəsi dövlət tibb müəssisələrində pulsuz həyata keçirilir.

    Müalicə edən həkim tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə müraciət etmiş pasiyentə, müalicənin səbəbindən asılı olmayaraq tütündən istifadənin dayandırılması barədə tövsiyələr və ona göstərilə biləcək tibbi yardım haqqında zəruri məlumat verir.

    Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

    Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq “Tütün və tütün məmulatı” haqqında Azərbaycan Respublikası Qanununun 20-ci və 21-ci maddələri ləğv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi