Bakı. 14 iyun. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.
Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.
Sədr Rövşən Rzayev qeyd edib ki, aprelin 11-də keçirilmiş Prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir.
O, Prezident İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsini xalq-iqtidar birliyinin təzahürü olduğunu bildirib.
Dövlət başçısının mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr qoyduğu qeyd edilib, göstərilən etimadı doğrultmaq, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşları, onların sosial rifahı dayanır ki, bu baxımdan da, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və layihələr prioritet hesab edilir.
İclasda gündəlikdəki məsələlərə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib, onların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.