"Naxçıvan Muxtar Respublikasına vəzifəyə təyin olunduqdan sonra 9 mindən artıq ictimaiyyət üzvünün şikayət və ərizələrinə baxmışıq, qəbullar keçirmişik, onların problemlərini öyrənmişik. Muxtar respublikada hansı problemlər var, bunları dəqiq bilirik".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, öyrənilən problemlərin hər biri təhlil olunub: "Nəticədə təkliflərimizi respublikanın ali rəhbərliyinə çatdırmışıq. Təkliflərimiz təsdiq olunduqdan sonra bu istiqamətdə işlər görməyə başlamışıq".
F.Nəcəfli qeyd edib ki, ölkə Prezidenti Azərbaycanın bölgələrini fərqləndirmədən işlər görür: "Naxçıvan da Azərbaycan Respublikasının tərkibində inkişaf edir. Bu gün uzun illər ərzində düşmən qonşularımız tərəfindən işğal olunan torpaqlarımız qaytarılıb, Qarabağda repatriasiya başlayıb. Bu istiqamətdə sürətli iş aparılır. Naxçıvan Muxtar Respublikası da Azərbaycanın ən strateji ərazisidir. Azərbaycanın Avropaya çıxışı Naxçıvan üzərindəndir. Bu da Naxçıvanı xüsusilə stratejik bir vəziyyətə gətirib çıxarır. Ölkə Prezidentinin apardığı siyasət təkcə Naxçıvanı yox, eləcə də Azərbaycanı Avropanın strateji tərəfdaşı və Avropanın yaxın dostu, həmçinin dünyaya sülh tərəfdarı kimi tanıdıb. Naxçıvan Muxtar Respublikasının bu siyasətdə yeri əvəzolunmazdır. Biz alternativ enerji, dəhliz məsələləri ilə bağlı çox möhtəşəm və stratejik bir ərazidə yerləşirik. Bütün sənaye məhsullarının əksəriyyəti Çində istehsal olunur. Lakin bu məhsulların hər birinin Avropa bazarına çıxması lazımdır. Bunun üçün lazım olan yolların əksəriyyəti Azərbaycandan, dolayısı ilə Naxçıvandan keçir. Zəngəzur dəhlizi reallaşdığı təqdirdə Naxçıvan böyük logistika və nəqliyyat infrastrukturuna sahib olacaq. Bu, əlbəttə ki, maddi rifahın yüksəlməsinə təkan verəcək. Başqa stratejik məsələ bizim alternativ enerji resurslarımızdır. Naxçıvan Muxtar Respublikasında günün isti saatları çox olur ki, bu da faydalıdır. Çünki günəş radiasiyasından istifadə edib, günəş elektrik stansiyalarının tikintisini və elektrik enerjisinin əldə olunmasını qarşımıza hədəf qoymuşuq. Bütün bunlar xaricə satıldığında ölkəyə ciddi valyuta gətirəcək. Bu valyutalar sizin kimi uşaqların, gənclərin gələcəyi, təhsili, sağlam böyüməsi, rifahı üçün xərclənir. Bu, Prezident cənab İlham Əliyevin apardığı səlis və sərrast siyasətin nəticəsidir".