Prezidentin köməkçisi: "Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur"

Prezidentin köməkçisi: "Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur" "Ermənistan tam olaraq Rusiyadan asılı və demək olar ki, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil"
Daxili siyasət
1773
18 Noyabr , 2016 15:37
Prezidentin köməkçisi: Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri mövzusunda elmi məruzəsində deyib.

Onun sözlərinə görə, geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən əsas parametrlər Azərbaycanın həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir.

Ə.Həsənov qeyd edib ki, Cənubi Qafqaz dövlətləri içərisində təbii zənginlik və insan parametrləri üzrə ən əlverişli vəziyyət Azərbaycana məxsusdur: "Azərbaycanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır. Bu baxımdan, Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam olaraq Rusiyadan asılıdır və demək olar, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil.

Özünü təminat əmsalına görə, Azərbaycan bir çox sahələrdə tam, yaxud qismən özünün təhlükəsizliyini təmin edib.

Gürcüstanın gəlir əldə etmək imkanlarının böyük hissəsi birbaşa Azərbaycanla bağlıdır. Öz enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində də Gürcüstan Rusiya və Azərbaycandan tam asılı vəziyyətdədir. Ona görə də Cənubi Qafqazdakı hər hansı regional məsələdə, geosiyasi və geoiqtisadi imkanları zəif qiymətləndirilən Gürcüstan və Ermənistan Azərbaycanla heç bir rəqabətə tab gətirə bilmir. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrlər üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər."

Son xəbərlər

Orphus sistemi