Prezident: "Zəngilanın turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə dərhal başlamalıyıq"

Prezident: "Zəngilanın turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə dərhal başlamalıyıq" "Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına
Daxili siyasət
170
4 May , 2022 16:30
Prezident: Zəngilanın turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə dərhal başlamalıyıq
İlham Əliyev

"Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, - mart ayında müvafiq Memorandum imzalanmışdır, - eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir. Təbiətin qorunması, əlbəttə ki, ön planda olmalıdır. Zəngilan rayonunun çox gözəl təbiəti var, füsunkar təbiəti var və təbiət nöqteyi-nəzərdən hesab edirəm ki, ölkəmizin ən gözəl rayonlarından biridir. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq.

Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Yəni, burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər tətbiq edilməlidir, bütün sahələrdə. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm. Amma bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər, insanlar üçün rahatlıq təmin edilməlidir və belə olan halda biz istədiyimizə nail olacağıq.

İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar. Biz İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan qayıtmaq istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun olmalıdır. Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildirmişlər. Amma, əlbəttə ki, onlar təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının məktəbləri var, nəvələrinin məktəbləri var. Biz bunun hamısını başa düşürük və bir yerdən başqa yerə köçmək o qədər də asan məsələ deyil. Amma, əminəm ki, Vətən sevdası onları oraya aparacaq. Biz elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi