​Prezident: Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər

​Prezident: Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər "Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var"
Daxili siyasət
21 May , 2015 07:54
​Prezident: Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər

Bakı. 21 may. REPORT.AZ/ "Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar".

“Report” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda yaşayış binasında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında deyib.

Dövlət başçısı binaların fasadlarının üzlənməsi zamanı təhlükəsizlik və keyfiyyət qaydalarının pozulduğunu diqqətə çatdırıb:

"Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq-quruculuq, təmir-bərpa işləri gedir. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim bundan ibarətdir- təhlükəsizlik və keyfiyyət. Ancaq həyatda biz onu görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən gördüm ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt edirlər. Mən təxminən 7-8 il bundan əvvəl ora getmişdim. Görmüşdüm ki, orada “Dostluq” parkındakı ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur. Dedim ki, gedin dağıdın onları. Qoy, bu binaları tikənlərə dərs olsun. O gün gəlib, görürəm ki, yenə də düz “Dostluq” parkının yanında, yamacda villalar tikilir. Dedim öyrənin bunu kimlər tikir? Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək kim çıxacaq bunun arxasından. Heç kim çıxmadı. Dedim belədirsə, əgər heç kimə məxsus deyilsə, bunları söküb, dağıdın, başqalarına da dərs olsun. Gedirlər qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Burada elə istinad divarları tikilib ki, bəlkə də o divarların inşasına bir neçə milyon manat sərf olunub".

İlham Əliyev özbaşnalıqların yolverilməz olduğunu bildirib:

"Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. İlk növbədə, bütün vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikintilər aparılır. Ondan sonra gedib bunu qanunsuz yolla sənədləşdirirlər.

Yüksək gərginlikli xətlərin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür ki, bu, onların özləri üçün nə qədər böyük təhlükəlidir. Ancaq o icazəni kim verib? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq. Əgər yerli icra orqanları, bələdiyyə icazə verməsə, özbaşına kim nə edə bilər? Bələdiyyə bir növ necə deyərlər, icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. İndi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir möhür idarəsidir, yəni, qanunsuz əməllərə ştamp qoyur. Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır.

Soruşuram bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu, mümkün deyil. Bu da, necə deyərlər, mənbədən qaynaqlanan hadisədir. Qanunsuzluğa, özbaşınalığa son qoyulmalıdır".

Dövlət başçısı bildirib ki, "gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün, komissiya üzvləri, mənə konkret təklif verin. Bir balaca bina da icazəsiz tikilə bilməz. Bundan sonra əgər bu, olacaqsa nəinki işdən çıxaracağam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti görür ki, ölkədə toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir".

"Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük pozuntularla bağlı məsuliyyətə cəlb edilib. Vaxt gələcək ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar.

Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilirlər. Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə get cəzasını çək, vəssalam. Ona görə, bir daha demək istəyirəm ki, bu hadisə ilə bağlı konkret təkliflər verilməlidir. Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. O cümlədən, bax, bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcəklər. Ədalət bərpa olunacaq", - deyə İlham Əliyev bildirib.

Son xəbərlər

Orphus sistemi