İlham Əliyev tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı

İlham Əliyev tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı Son 17 ilin uğurlarının ümumiləşdirilmiş mənzərəsi: Zəfər tarixi
Daxili siyasət
600
23 Dekabr , 2020 15:37
İlham Əliyev tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı
İlham Əliyev

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə "Prezident İlham Əliyev xalqı və dövləti üçün misilsiz xidmətlər göstərən tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı adlı məqalə yazıb.

"Report" həmin məqaləni təqdim edir.

Son 17 ilin uğurlarının ümumiləşdirilmiş mənzərəsi: Zəfər tarixi

“Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”

Azərbaycanın bugünkü reallıqları 17 il öncəyə bir baxış kecirməyi zərurətə çevirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində "Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin" sualına cavabını xatırlatmaq istərdik. Dövlətimizin başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti nəticəsində ölkəmizin bu günü üçün yaradılan möhkəm təmələ əsaslanaraq sualı belə cavablandırmışdı ki, həm asan, həm də çətin: “Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam".

Prezident İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradırdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və sair kimi həllivacib məsələlər idi. Son 17 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, birmənalı vurğulamaq olar ki, bugünkü Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni-Zəfər Gününü yazdı.

Təbii ki, əldə olunan hər bir uğuru şərtləndirən amillər mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu fikri xüsusi qeyd edirdi ki, mən nəyi nə zaman edəcəyimi bilirdim. Ölkə Prezidenti, eyni zamanda, Azərbaycanın bu müddət ərzində daha da gücləndiyini, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın formalaşdığını bildirirdi.

Müasir iqtisadi sistemin yaradılması qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə stimul oldu

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilini önə çəkməsi bugünümüzə hesablanmış addımlar sırasından idi. Belə ki, neft-qaz gəlirlərinin düzgün idarə olunması üçün 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Həyata keçirilən reğional inkişaf proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırıldı. Artıq inamla demək olar ki, hər bir kənd, qəsəbə quruculuq dövrünü yaşayır. Hazırda rayonlar arasında sağlam rəqabət gedir. Müasir iqtisadi və sosial infrastrukturun yaradılması bugünümüzün əsas hədəflərindən olan sahibkarlığın inkişafını sürətləndirən faktorlar sırasındandır. Bölgələrdə enerji, su, qaz tələbatının yüksək səviyyədə ödənilməsi qeyri-neft sektorunun inkişafına əhəmiyytli təsir göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət", ABAD, DOST layihələri sosial xidmət sahəində şəffaflığın təminatına geniş imkanlar açır. Hazırda Azərbaycanın bu təcrübələri beynəlxalq səviyyədə də tətbiq edilir. Hər sahədə ilklərə imza atan Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində qarşıya çıxan hər bir çətinliyi aradan qaldırmaq imkanına malikdir. 2008-ci ildə dünyanı bürüyən maliyyə və iqtisadi böhranın təsirlərini yada salaq. Azərbaycan bu böhranı az hiss edən ölkələrdən oldu. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçiriliməsi Azərbaycanın iqtisadi artım ilə diqqətdə olmasını şərtləndirdi. Hazırda dünyanın, o cümlədən ölkəmizin koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda Azərbaycanın insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi dayanıqlığın təmin edilməsi yönümündə atdığı addımlar da beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoydu ki, ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız dərinləşməlidir. Layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə xüsusi diqqət yetirməliyik. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artmaqda olan Azərbaycan üçün məşğulluq məsələsi ön plandadır. Pandemiya hədəflərə maneçilik törətməməli, vaxt itirməməliyik. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında Tədbirlər Planının hazırlanması, bu sənədin 20 fəaliyyət sahəsini, 4 sektoru və 10 yardım proqramını əhatə etməsi Azərbaycanın COVID-19-la mübarizə dövründə də qarşıya çıxan çətinlikləri dəf etməsinə geniş imkanlar açır. İşsiz və pandemiya dövründə işsiz qalan vətəndaşlara 190 manat birdəfəlik yardımın edilməsi, sahibkarlara dövlət dəstəyinin göstərilməsi və sair kimi bir-birindən önəmli addımlar Azərbaycanın bu sahədə 2020-ci ili müsbət nəticələrlə başa vurmasına yol açdı.

İlham Əliyev
İlham Əliyev

Azərbaycanın iqtisadi möcüzələr ölkəsi, dünyanın ən islahatçı 10 ölkəsi sırasında qərarlaşması həyata keçirilən siyasətin uğurlu nəticələridir. Artıq Azərbaycanın liderliyi ilə regional çərçivədən çıxaraq beynəlxalq əməkdaşlığa xidmət edən mühüm enerji və nəqliyyat layihələri həyata keçirilib və keçirilməkdədir. 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması kimi əhəmiyyətli hadisəni tarixinə yazan Azərbaycan üçün 2018-ci ildə Cənub Qaz Dəhlizinin işə düşməsi, TANAP-ın istifadəyə verilməsi təşəbbüsləri gerçəkliyə çevirən ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq salır. Artıq yaxın günlərdə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur.

Həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır

Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu amil dayanır ki, güclü dövlət, yüksək rifah həyata keçirilən siyasətin əsasını təşkil edir. Həmçinin bu məqam da diqqətə çatdırılır ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək” tezisi irəli sürüləndə yalnız elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmirdi. Söhbət ondan gedirdi ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət məmurları insanların qayğıları ilə maraqlanmalı, daim onların yanında olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyi sahəsində çalışan hər kəsdən də bunu tələb edir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsasında dayanır. Bu isə öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Prezident İlham Əliyev xalqa güvəndiyini, xalqdan güc aldığını hər zaman bəyan edir. Daim ictimaiyyətin arasında olan, irəli sürülən təşəbbüslərin, qəbul olunan qərarların icrası ilə yaxından tanış olub, onlar barədə xalqın dilindən eşitməyə çalışan liderə milyonların sevgisi şəksiz olacaq.

Dövlətimizin başçısı 2003-cü ildə hədəfləri açıqlayarkən əhalinin sosial müdafiəsinin prioritetliyini önə çəkərək bu məqamı xüsusi qeyd etmişdi ki, yoxsulluq deyilən sosial bəla aradan tamamilə götürülməlidir. Son 17 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi düşünülmüş siyasətin, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün uğurla həyata keçirilən sosial paketlərin nəticəsidir. Bu barədə söhbət açarkən təkcə son iki ilin statistikasına diqqət yetirmək kifayətdir. 2019 -cu ildə 4,2 milyondan artıq insanı əhatə edən iki sosial paket həyata keçirildi. Cari il üçün icra edilən sosial proqramlar da göz qabağındadır. Baxmayaraq ki, koronavirus infeksiyası dünya dövlətləri kimi, ölkəmizin də iqtisadiyyatına təsirsiz ötüşmür, amma dövlətimizin başçısı İlham Əliyev bir dənə də olsun sosial layihənin təxirə salınmayacağını bildirdi.

Prezident İlham Əliyev 2003-cü ildə bu hədəfi də açıqlamışdı ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Bu fikirlər ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisinin davamı kimi dəyərləndirildi. Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı da bu məqsəddən irəli gəlir. Sənədə əsasən, müxtəlif istiqamətləri əhatə edən yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək addımlardandır. 2021-ci ilin dövlət büdcəsi layihəsi də sosialyönümlülüyü ilə diqqət çəkir. Prezident İlham Əliyev daim bildirir ki, qarşıdaki ilin dövlət büdcəsi arxada qalan ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından yüksək olmalıdır.

İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan dünyanın iqtisadi, siyasi və humanitar mərkəzinə çevrilib. Bütün sahələrdə ilklərə imza atan ölkəmiz müxtəlif beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilməklə malik olduğu imkanlarını dünyaya təqdim edir. Multikulturalizmin, tolerantlığın Vətəni kimi tanınan Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirməklə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır. 2016-cı ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan olunması da deyilənlərin təsdiqidir.

Bu gün Azərbaycan tolerant ölkə kimi yerini və rolunu möhkəmləndirməkdə, dünyada da bu mühitin qorunmasının vacibliyini bəyan etməkdədir. Cənab İlham Əliyevin bildirdiyi kimi, bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır. O ölkə ki, qarşılıqlı anlaşmaya daha çox töhfə vermək iqtidarındadır, bunu etməlidir. Qısa zamanda, 29 illik müstəqillik tarixinin 27 ilində Azərbaycan özünü dünya birliyinə etibarlı tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olub. Azərbaycanın siyasi sisteminin transformasiyası, demokratik təsisatların yaradılması məhz bu illərdə olmuşdur. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Sərbəst toplaşma və dini etiqad azadlığı, ümumilikdə, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılır. Uğurlarımız bir daha dövlətimizin başçısı İlham Əliyevin siyasətində humanizm prinsiplərinin, vətəndaş amilinin aliliyinin, multikulturalizm ənənələrinin inkişaf etdirilməsinin, milli birlik və həmrəyliyin əsas yer tutduğunu nümayiş etdirir.

Azərbaycan imzası qədər sözünün də əhəmiyyətli olduğunu bir daha təsdiqlədi

Son 17 il Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin inkişaf etdirilməsi ilə xarakterizə olunur. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələrini qurur və inkişaf etdirir. Ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənədin imzalanması həm bu beynəlxalq təşkilatla, həm də quruma üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələ açdı.

Azərbaycan ötən 17 ildə beynəlxalq arenada yeni dostlar, tərəfdaşlar qazanıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ilbəil artır. Onu da qeyd edək ki, hazırda Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq formatları formalaşıb, həmçinin dünyanın aparıcı dövlətlərinin yeni xarici siyasəti ölkəmizdə müzakirə olunur.

Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin əyani göstəricisidir. Bir sözlə, ölkəmiz dünya, o cümlədən region dövlətləri ilə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu atdığı hər bir addımında təsdiqləyir.

Azərbaycan gerçəkliyə çevirdiyi enerji layihələri ilə regional inkşafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan dünyanın enerji xəritəsinin yenidən tərtib edib. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu, düşünülmüş və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir.

Ötən ilin mühüm tədbirləri sırasında yer alan Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dövlətimizin başçısı İlham Əliyevin nitqi tarixi əhəmiyyəti ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi dərslə yadda qaldı: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”

Son 17 ildə Azərbaycanın diplomatik uğurlarının miqyası genişliyi ilə diqqət çəkir. Bunlar isə öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaratdı. Dövlətimizin başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmir.

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır

Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması əsas şərtlərdən biridir. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı davamlı addımların ümumiləşdirilmiş ifadəsi Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarının qarşısını qətiyyətlə alaraq dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri əsasında 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazmasıdır. Bu tarix heç zaman unudulmayan, xalqımıza, sevinc, xoşbəxtlik, qürur gətirən tarixdir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Orducu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atan Azərbaycanın digər sahələrdə təcrübəsi nümunə olduğu kimi, hərbi təcrübəsinin də öyrənilməsinin vacibliyi bu gün dünya ekspertləri tərəfindən xüsusi qeyd edilir. Bu təcrübə barədə neçə-neçə kitablar yazılacaq, işğala son qoyan, ədaləti bərpa edən, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən, bir sözlə, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi.

Xalqın öz Liderinə, Müzəffər Sərkərdəsinə ehtiramının əyani təzahürü

44 günlük İkinci Qarabağ müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduqlarını bildirdilər. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım da belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.

İlham Əliyev
İlham Əliyev

Son 17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin və xanımı Mehriban Əliyevanın müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza-Cəbrayıl, Füzuli və Ağdama səfər etmələri, Qələbə sevincini ilk olaraq xalqla paylaşmaları, möhtərəm Prezidentimizin Azərbaycanın gələcəyi ilə bağlı prioritetləri açıqlaması və sair kimi qürur verən məqamlar xalq-Prezident birliyinin, həmrəyliyinin təzahürüdür. Cəbhə bölgələrimizdən gələn hər bir qələbə xəbərini, o cümlədən Zəfər Günümüzü özünün “Twitter” səhifəsində paylaşan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daim bu arzunu, istəyi ifadə edirdi ki, Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Artıq bu istək gerçəkləşir. Qarşıdakı illərdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Ölkəmizin həyatında yeni dövr- quruculuq dövrü başlayır. Sentyabrın 27-dək məcburi köçkün adını daşıyan bir milyondan artıq soydaşımız tezliklə Böyük Qayıdışın iştirakçısı olacaq.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” fikirləri ilə, eyni zamanda, ulu öndər Heydər Əliyevin ona olan etimadını, inamını doğrultmasından, ən əsası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını da ifadə etmişdir.

Qələbəmizi dünyaya təqdim edən Zəfər paradı

Bu parad Azadlıq meydanında illərdir keçirilən paradlardan fərqlənirdi. Çünki bu, torpaqlarımızın işğaldan azad olunması, Vətən müharibəsində Qələbəmizin sevincini paylaşmaq, bir daha müdafiə qüdrətimizi bütün dünyaya bəyan etmək, həmçinin Ermənistanın illərdir havadarlarının dəstəyi ilə işğal altında saxladığı torpaqlarımızda qurduğu istehkamların Azərbaycan Ordusu tərəfindən dağıdılaraq onların qənimət kimi götürülən hərbi texnikalarını nümayiş etdirmək məqsədi daşıyırdı. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunan Zəfər paradındakı çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. Azərbaycan son illərdə uğurlu inkişaf yolu keçib. İldən-ilə üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Ölkə Prezidenti bu məqamı da xüsusi vurğuladı ki, son 17 ildə dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmasa, hərbi yolla bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Son 17 ilin hər bir uğuru ölkəmiz üşün əhəmiyyətli, qürurvericidir. Ərazi bütövlüyümüzün təmin olunması, artıq «Dağlıq Qarabağ münaqişəsi» termininin yoxluğu bu uğurların zirvəsidir. Bu parad müstəqillik tariximizin şanlı Qələbə paradıdır. Zəfər paradındakı çıxışında 44 günün hər gününü tarixi qələbəmiz kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, biz Qələbəni döyüş meydanında qazandıq. Zəfər paradında hər zaman olduğu kimi, 44 günlük müharibə dövründə də Azərbaycanın yanında olan, dünyaya “Azərbaycan tək deyil, Türkiyə yanındadır” mesajını ünvanlayan dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi Qələbəmizdə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, rolunu xüsusi vurğulayaraq bildirdi: “Qardaşım İlham Əliyev beləliklə mərhum Heydər Əliyevin vəsiyyət etdiyi arzusunu da yerinə yetirib. Bu vəsilə ilə güclü Azərbaycanın təməllərini atan ümummilli lider Heydər Əliyevi buradan rəhmətlə anıram. Azərbaycan qardaşım İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək.”

Son 17 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri, ən əsası Zəfər Günü bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan, etimad göstərdiyi alternativsiz Liderdir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı, 44 günlük İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanına çevrildi. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevə vətəndaşların ünvanladığı saysız-hesabsız minnətdarlıq və təşəkkür məktublarında da bu reallıq öz əksini tapır ki, ölkə Prezidenti “Milli Qəhrəman” “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq olan ən görkəmli şəxsiyyətdir. Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, məğrur, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur. Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Zəfərin mübarək, Azərbaycan! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə kollektivimiz adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, dövlətçiliyimizin daha da məhkəmləndirilməsi, ölkəmizin daha da inkişaf etdirilməsi, vətəndaşların yüksək rifahının bundan sonra da təmin olunması istiqamətində yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Tanrı Sizi qorusun! Tanrı Azərbaycanımızı qorusun!

Son xəbərlər

Orphus sistemi