Yuxarı

Prezident İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub

“Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”

Bakı. 23 sentyabr. REPORT.AZ/ 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub. “Report”un xəbərinə görə, Prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib. İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlət başçısı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayıb. Bir neçə gün əvvəl Oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzaladığını deyən Prezident İlham Əliyev komitəyə rəhbərliyin Mehriban Əliyevaya həvalə olunduğunu bildirib. Qeyd edib ki, Mehriban Əliyeva həm “Eurovision”, həm birinci Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat komitələrinə rəhbərlik edib və bu tədbirlər yüksək səviyyədə keçirilib. Xüsusilə, birinci Avropa Oyunlarının nəticələrini qeyd edən dövlət başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu vurğulayıb.

“Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”, - deyən Prezident İlham Əliyev Oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığnı, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırladıb, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Dövlət başçısı bu səylərin boşa çıxdığını deyərək bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkənin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu bildirib, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev yaxın gələcəkdə ölkədə dünyada böyük nüfuza malik “Formula-1” yarışının, Dünya Şahmat Olimpiadasının keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın dünyada daha çox tanıdılmasına xidmət edəcəyini diqqətə çatdırıb.

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Əmin olduğunu bildirib ki, İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının etimadını doğruldacaq. Bu günə qədər keçirilən tədbirlərin ölkənin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğulayıb ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. Mehriban Əliyeva birinci Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu Oyunlar zamanı da istifadə olunacağını söyləyib. 2013-cü ilin iyul ayında Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən tarixi qərarı xatırladan Mehriban Əliyeva ilkin hazırlıq işləri haqqında məlumat verib.

Təşkilat Komitəsinin sədri bildirib ki, Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının hazırlanacağını da diqqətə çatdırıb.

Mehriban Əliyeva bildirib ki, qarşıda duran məsələlərdən biri açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır. Yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla danışıqların aparıldığını, Oyunların keçiriləcəyi müddətdə Bakıya gələcək idmançıların, qonaqların yerləşdirilıməsi üçün otellərin sayının dəqiqləşdirildiyini və bu sahədə heç bir problemin olmadığını deyən Mehriban Əliyeva təxminən 10 minə yaxın gəncin könüllü kimi Oyunlara cəlb olunacağını və bunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.

Gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxışında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini, IV İslam Həmrəylik Oyunlarının da beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyini, bunun üçün ölkəmizdə bütün imkanların olduğunu diqqətə çatdırıb.

İclasa yekun vuran Prezident İlham Əliyev Təşkilat Komitəsinin bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirib. Dövlət başçısı oyunlara hazırlıqda koordinasiyanın təmin olunmasının, yüksək peşəkarlığın göstərilməsi, qonaqların gəlişi, viza problemlərinin həlli, müasir nəqliyyat vasitələri ilə təminat, yüksək qonaqpərvərliyin göstərilməsinin əhəmiyyətini bildirib, təhlükəsizlik tədbirləri, informasiya-kommunikasiya sistemlərinin fəaliyyəti, Bakıda və paytaxt ətrafında quruculuq-abadlıq işlərinin davam etdirilməsi, Oyunların keçirilməsinə yerli və xarici mütəxəssislərin cəlb olunması məsələlərinin vacibliyini qeyd edib. Oyunlar zamanı geniş mədəni proqramların keçirilməsinin önəmini vurğulayan dövlət başçısı qonaqlara Azərbaycanın zəngin və qədim mədəniyyətinin təqdim olunmasının vacibliyini də bildirib.

Sonda Prezident İlham Əliyev qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi