Prezident İlham Əliyev: “YAP-ın yaradılması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsidir”

Prezident İlham Əliyev: “YAP-ın yaradılması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsidir” Prezident: “O vaxt AXC-Müsavat cütlüyü Yeni Azərbaycan Partiysının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi”
Daxili siyasət
14 Noyabr , 2017 17:08
Prezident İlham Əliyev: “YAP-ın yaradılması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsidir”

Bakı. 14 noyabr. REPORT.AZ/ “Yeni Azərbaycan Partiyasının yaradılması, doğrudan da, tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, iyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib: “Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və Ulu Öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi.

Bu, doğrudan da tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır. Bu müraciətin səbəbləri də aydındır. Çünki ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini qazanmışdır. Sovet dönəmində ən geridə qalmış respublikalardan biri olan Azərbaycan məhz onun dövründə ən qabaqcıl respublikaya çevrilmişdir. Onun 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində fəaliyyəti nəticəsində respublikada böyük quruculuq işləri aparılmışdır və Azərbaycan, sözün əsl mənasında, hərtərəfli şəkildə inkişaf edirdi. Ondan sonrakı dövrdə Moskvada yüksək vəzifədə çalışarkən həmişə Azərbaycana böyük diqqət və qayğı göstərmişdir.

1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.

Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu”.

Son xəbərlər

Orphus sistemi