Yuxarı

​Prezident İlham Əliyev texniki göstəricilərinə görə Xəzərdə ilk yeri tutan gəmidə olub

Dövlət başçısı Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə söhbət edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış olub. “Report”un məlumatına görə, dövlət başçısına bildirilib ki, gəmi “Şah-Dəniz-2” layihəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Kaspian Marin Servisez” şirkətinin alyansı çərçivəsində istismar olunur. Gəminin uzunluğu 74,5, eni isə 17,2 metrdir. Texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at gücündəki bu yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207 tondur. “Lənkəran” yedək-təchizat gəmisinin geniş texniki imkanları onun Xəzərdə bir çox layihələr, o cümlədən “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasına da imkan verir.

Sonra Prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə söhbət edib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat və neft donanmaları daxildir. Nəqliyyat donanmasının tərkibində 97 gəmi var. İxtisaslaşdırılmış neft donanması isə 188 gəmidən ibarətdir. 2003-2014-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün 23 yeni gəmi, o cümlədən 11 tanker, 6 bərə, 2 quru yük gəmisi, 4 yedək və yedək-təchizat gəmisi alınıb. Həmçinin bu ilin aprelində Bakı gəmiqayırma zavodu ilə bağlanan müqaviləyə əsasən 3 sərnişin gəmisinin tikintisinə başlanılıb. Hər biri 80 nəfər sərnişin tutumuna malik olacaq bu gəmilər dəniz neftçilərinin daha təhlükəsiz və rahat şəraitdə iş yerlərinə çatdırılmasında mühüm rol oynayacaq.

Sonda Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi