Yuxarı

Prezident İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib

Dövlət başçısı mərkəzin imkanlarından səmərəli istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib.

"Report"un məlumatına görə, dövlət başçısına məlumat verilib ki, 3 mərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Ərazisi 2 min kvadrat metr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ulu öndərin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Burada qurulan 7D formatlı kino zal orijinallığı ilə diqqəti cəlb edir. Xarici ölkələrdə istehsal olunan müasir avadanlıqların quraşdırıldığı zalda 7D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqlarla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib. Ən son avadanlığın quraşdırıldığı salonda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələri və onların interaktiv, pnevmatik silahlardan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaq.

Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Akt zalı müasir üslubda qurulub. Burada gənclər üçün müxtəlif mövzularda tədbirləri keçirmək mümkün olacaq. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək. Bundan əlavə, mərkəzdə Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotoguşələr yaradılıb. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Respublikada ilk dəfə olaraq bu mərkəzdə Aşıq məclisi və poeziya dərnəyi yaradılıb.

Qeyd edilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Burada yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək. Mərkəz, həmçinin gənclərin ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.

Dövlət başçısı mərkəzin imkanlarından səmərəli istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi