Yuxarı

​Prezident İlham Əliyev Ramiz Mirişlinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

“Tanınmış bəstəkar və pedaqoq, təvazökar insan Ramiz Aqil oğlu Mirişlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq”

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev tanınmış bəstəkar, xalq artisti Ramiz Mirişlinin vəfatı ilə bağlı nekroloq imzalayıb. “Report”un xəbərinə görə, nekroloq mətnində deyilir:

“Azərbaycanın mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli 2015-ci il aprel ayının 17-də ömrünün 82-ci ilində vəfat etmişdir.

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.

Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.

Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış bəstəkar və pedaqoq, təvazökar insan Ramiz Aqil oğlu Mirişlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Mikayıl Cabbarov

Arif Alışanov

Arif Məlikov

Firəngiz Əlizadə

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Oqtay Zülfüqarov

Azər Rzayev

Tofiq Bakıxanov

Musa Mirzəyev

Xəyyam Mirzəzadə

Ramiz Zöhrabov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi