Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - ƏLAVƏ OLUNUB Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər
Daxili siyasət
18 Mart , 2017 10:38
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - ƏLAVƏ OLUNUB
Azertag.az

Bakı. 18 mart. REPORT.AZ/ Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə martın 18-da ümumxalq şənliyi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Bakıda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da Novruz şənliyinə qatılıblar.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Bahar qız Azərbaycan Prezidentinə Novruz xonçası təqdim edib, dövlət başçısına və xanımına bayram münasibətilə təbriklərini çatdırıb.

Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Azərbaycanda hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Hər il olduğu kimi, bu il də Azərbaycanda Novruz bayramı təntənə ilə qeyd olunur. Bu da xalqımızın bayram sevincinə gözəl ovqat qatır.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəliblər.

Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılanıb.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı, xanımı, xarici qonaqlar və ümumxalq şənliyinin digər iştirakçıları “Novruz” yarmarkası ilə tanış olublar.

Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilib. Yarmarkada ölkəmizin iqtisadi rayonlarından onlarla şirkət öz məhsullarını təqdim edib. Son dövrlərdə ölkəmizdə aparılan siyasət nəticəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mühüm nailiyyətlər əldə olunub. Bu gün Azərbaycan özünü keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ona görə də ekoloji cəhətdən təmizliyi ilə seçilən Azərbaycan məhsullarına dünyada böyük tələbat var.

Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstəriblər. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer alıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxdılar, pəhləvanların, güləşçilərin çıxışlarını izləyiblər, aşıqların, “Nənələr”, “Rəfti” özfəaliyyət kollektivlərinin, “Natiq” ritm qrupunun, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinləyiblər.

Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilməyib. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasına Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də olub. Çünki məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başlayıb. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil olub. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlət başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsini və milli ruhunu özündə əks etdirir.

2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Dövlət başçısına və xanımına “İctimai Wi-Fi” layihəsi barədə təqdimat nümayiş olunub.

Bildirilib ki, ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ictimai internetdən istifadəni təmin edən avadanlıq quraşdırılıb. Növbəti mərhələdə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək.

Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanda bu ilin mayında IV İslam Həmrəyliyi Oyunları, iyunda Formula-1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qonaqlar burada Formula-1 yarışlarının bolidinə baxıblar.

Dövlət başçısına və xanımına IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri təqdim olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionları, Formula-1 Azərbaycan Qran-Prisinin və IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüşüblər.

Ümumxalq şənliyinin iştirakçıları müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin ləziz təamlarından, bu bayramın rəmzi olan şirniyyat nümunələrindən dadıblar.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın yüksək səviyyəli qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi