Yuxarı

Prezident İlham Əliyev Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimində iştirak edib

SSRİ xalq artisti Tamara Sinyavskaya dünya şöhrətli müğənninin xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib

Bakı. 18 dekabr. REPORT.AZ/ Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.

Gəminin istismara verilməsinin bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsib.

Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirilib.

Gəmidə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirib ki, “Müslüm Maqomayev” sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium qatlarından yığılmış katamaran tipli gəmi təyinatına görə dünyada həmin kateqoriyada ilk sürətli sərnişin gəmisidir. Gəminin inşası Beynəlxalq Dənizçilik Təşkilatının sürətli gəmilərin tikintisində tətbiq edilən HSC kodu tələblərinə uyğun olaraq, Avstraliyanın “İncat-Tasmaniya” gəmiqayırma zavodunda 1 il ərzində həyata keçirilib. Dəniz sınaqlarını müvəffəqiyyətlə başa vuran “Müslüm Maqomayev” gəmisi oktyabrın 4-də Xəzər dənizinə istiqamət alıb. Bakıya çatmaq üçün gəmi 11,486 mil məsafə qət edib. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli müğənninin müxtəlif fotoları yer alıb.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, gəminin yüksək keyfiyyətli alüminium gövdəsi, eləcə də son texnologiyalar əsasında istehsal olunan güc və hərəkət mexanizmləri onun dənizdə idarəolunma qabiliyyətinin yüksək standartlara cavab verməsinə zəmin yaradıb. Beləliklə, Azərbaycan dənizçilərinin səyi və məharəti nəticəsində gəmi uzun yol qət edərək dekabrın 4-də Bakı limanına yan alıb. Əməliyyat təyinatına gəlincə, “Müslüm Maqomayev” gəmisi dənizdə çalışan neftçilərin sərəncamına verilərək, 150 nəfərədək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz platformalarına çatdırılması işlərini yerinə yetirəcək. Hava şəraitindən asılı olaraq (küləyin sürəti saniyədə 17 metr, dalğanın hündürlüyü 4 metrədək olduqda) gəmi saatda 38 dəniz milinədək sürətlə hərəkət edə bilir.

Gəmi ilə tanışlıq zamanı SSRİ xalq artisti Tamara Sinyavskaya dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident İlham Əliyev Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışıb, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını deyib.

Tamara Sinyavskaya gəmini işə salan düyməni basıb.

Dövlət başçısının diqqətinə o da çatdırılıb ki, “Müslüm Maqomayev” gəmisinin istifadəsi xüsusi heyətin və yüklərin dənizdəki platformalara helikopterlər vasitəsilə daşınmasını minimuma endirəcək. Dənizçilik Təsnifat Cəmiyyətinin tələblərinə uyğun olaraq, gəmidə tam komfort sistemi təşkil olunub ki, bu da öz növbəsində hətta sərt hava şəraitində belə sərnişinlərin təyinat məntəqələrinə tez və rahat çatdırılmasına əlverişli imkan yaradır. Atmosfer çirklənmələrinin qarşısının alınması və ətraf mühitə zərərli təsirin azaldılması məqsədilə gəmidə müasir tələblərə cavab verən enerjiverici qurğulardan istifadə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi