Yuxarı

Prezident İlham Əliyev müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram

Bakı. 10 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. "Report"un məlumatına görə, təbrik məktubunda deyilir: 

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzularımı yetirirəm.

Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin bütün milli və dini azlıqları, o cümlədən Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristianlar, millətlərarası və dinlərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.

Gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi