Yuxarı

Azərbaycanda iki ali məktəb birləşdirilib

Prezident İlham Əliyev sərəncam imzalayıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə verilib.

Sənədə əsasən, Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub.

Həmçinin, sənədə əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunacaq.

Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu sərəncamın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-pedaqoji potensialının gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi