Prezident İlham Əliyev: "Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq"

Prezident İlham Əliyev: "Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq" Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışında ictimaiyyət nümayəndələri ilə görüşüb
Daxili siyasət
16 Fevral , 2016 22:46
Prezident İlham Əliyev: Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq

Bakı. 16 fevral. REPORT.AZ/ “Əminəm ki, 2016-cı il Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacaqdır”. “Report”un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Tovuzçay su anbarının açılışında Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir.

“Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq”, - deyə prezident vurğulayıb.

Onun sözlərinə görə, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra ediləcək.

Prezindent İlham Əliyev qeyd edib ki, neftin qiyməti dörd dəfə düşmüşdür: “Əlbəttə ki, bu, neft hasil edən ölkələr üçün böyük sınaqdır. Ancaq təbii resurslara malik olmayan ölkələr də çətinlik çəkir. Çünki onlar üçün ənənəvi bazarlar indi onların məhsulunu əvvəlki illərdəki kimi ala bilmir. Əlbəttə ki, neftin qiymətinin düşməsi təbii resurslarla zəngin olmayan ölkələri də narahat edir. Ona görə, mən hesab edirəm ki, biz artıq öz iqtisadi inkişafımızı ancaq qeyri-neft sektorunun əsasında qururuq və qurmalıyıq”.

“Belə olan halda biz istənilən böhrandan üzüağ çıxacağıq və ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir. Ona görə, indiki dövrdə xüsusilə sahibkarlığın inkişafı, əsaslı islahatların dərinləşməsi prioritet məsələlərdir. Keçən ilin sonundan və bu ilin əvvəlindən müəyyən edilmiş yeni islahatlar, əminəm ki, yaxın zamanlarda öz sözünü deyəcək”, - deyə dövlət başçısı əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır. Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq. Bizim əsas vəzifəmiz bundan ibarətdir.

“Regionların inkişafı, əlbəttə ki, burada əsas rol oynayır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda mən demişdim ki, ölkəmizin inkişafı qeyri-neft sektorundan asılı olmalıdır. Həmin vaxtdan bu günədək bütün bölgələrdə, o cümlədən qərb bölgəsində bir çox önəmli layihələr icra edilmişdir. Əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Ona görə, mən əminəm ki, 2016-cı ili biz uğurla başa vurmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, düşünülmüş iqtisadi siyasət və dərinləşən islahatlar, əminəm, imkan verəcək ki, biz bu ili də uğurla başa vuraq”, - deyə prezindent bildirib.

Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq”. 

Son xəbərlər

Orphus sistemi