Prezident İlham Əliyev: "İslam Həmrəyliyi Oyunları Azərbaycanın gücünü bir daha göstərdi"

Prezident İlham Əliyev: "İslam Həmrəyliyi Oyunları Azərbaycanın gücünü bir daha göstərdi" "Formula 1 ölkəmizin təbliğatı üçün nadir yarışdır"
Daxili siyasət
18 Dekabr , 2017 15:24
Prezident İlham Əliyev: İslam Həmrəyliyi Oyunları Azərbaycanın gücünü bir daha göstərdi

Bakı. 18 dekabr. REPORT.AZ/ "Bu il bir çox idman qələbələrimiz olub. Onların arasında bir neçə hadisəni bu gün qeyd etmək istərdim".

"Report"un məlumatına görə, bunu dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2017-ci ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı deyib. Ölkə rəhbəri fərdi və komanda növlərində əldə olunmuş nailiyyətlərə diqqət çəkib: "Şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olublar. Bu, böyük qələbə, böyük nəticədir. Bu nəticə onu göstərir ki, idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir. Bu il iki idmançımız - Məhəmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olublar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğur, böyük qələbədir. Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə atletika üzrə dünya çempionu olub. Bu da tarixi qələbədir".

Prezident İlham Əliyev komanda idman növlərində də çox yaxşı nəticələrin əldə olunduğunu vurğulayıb: "Bakıda keçirilmiş qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta yarımfinal görüşündə qələbəyə və medal qazanmağa çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir".

Dövlət başçısı Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsini də tarixi nəticə adlandırıb: "Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməyib. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar".

Prezident İlham Əliyevin sözlərinə görə, bu il ən böyük qələbə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının nailiyyətləri olub: "Bu Oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı idi. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi, əminəm ki, onlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdıblar. Burada keçirilən Oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bu Oyunlarda iştirak etmiş üç mindən çox idmançı, minlərlə mütəxəssis, qonaq Azərbaycan həqiqətləri ilə tanış oldular".

Dövlət başçısının fikrincə, Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir: "Onu da qeyd etməliyəm ki, bu il ikinci dəfə Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi keçirilib. Ümumi rəyə görə, - bu, artıq xarici mətbuatda da qeyd olunub, - 20 yarışın arasında Azərbaycan Qran Prisi ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimiz, böyük uğurumuzdur. Bir çox Formula 1 yarışlarından fərqli olaraq Azərbaycan Qran Prisi şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz, 2017-ci ilin 11 ayında isə daha 20 faiz artıb. Əlbəttə, bunun səbəbləri təkcə Formula 1 yarışı deyil, Azərbaycanda gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidir. Eyni zamanda, hesab edirəm ki, Formula 1 ölkəmizin təbliğatı üçün nadir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür".

Prezident İlham Əliyev Azərbaycan idmançılarının bundan sonra da sevindirici nailiyyətlərə imza atacaqlarına inam ifadə edib. O, bütün uğurların səbəblərini sadalayıb: "İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir. İdmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurur. Yəni, bizim məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsidir, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılmasıdır və idmanın kütləviliyinin təmin olunmasıdır". 

Son xəbərlər

Orphus sistemi