Yuxarı

Prezident İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır"

2016-cı ildə nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. İnsan sağlamlığı üçün nə lazımdırsa Azərbaycanda biz bunu edirik”. "Report"un məlumatına görə, bunu Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında Prezident İlham Əliyev deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilib: “Ekologiya ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvanda bu problem yoxdur. Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac var idi”.

“Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlər görülür. İlk növbədə səhiyyə infrastrukturu yaradılır. Bunsuz səhiyyəni inkişaf etdirmək mümkün deyil. Həkimlərin hazırlığı istiqamətində işlər aparılır. Müasir avadanlıq alınır. Yəni, bu sahədə görülən işlər əlbəttə ki, səhiyyə sisteminin təkmilləşməsinə gətirib çıxarıb. Ancaq görüləsi işlər hələ çoxdur. Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər”, deyə prezident qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, indi dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı düşüb: “Buna baxmayaraq, Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılıb, həm də xarici banklardan kreditlər götürülüb. Yəni, biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcək”.

“Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”, - deyə dövlət başçısı bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi