Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Bakıdakı yanğında təqsirli bilinən şəxslərin ciddi şəkildə cəzalandırılacağını bəyan edib

    Dövlət başçısı: Yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir

    Bakı. 20 may. REPORT.AZ/ Mayın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verən yerdə olub. “Report”un xəbərinə görə, dövlət başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib.

    Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.

    Dövlət başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verib.

    Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Sonra Prezident İlham Əliyev yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Prezident İlham Əliyev bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir. Hazırda paytaxtda oxşar materiallarla üzlənmiş binaların kifayət qədər çox olduğunu diqqətə çatdıran dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstərişlərini verib.

    Prezident İlham Əliyev hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib.

    Baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri hadisənin səbəbləri və görülən işlərlə bağlı məlumat veriblər.

    Prezident İlham Əliyev bir daha hadisənin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlarını verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi