Yuxarı
    Bağlamaq

    ​Prezident İlham Əliyev: “Azərbaycanda demoqrafik şəraitin müsbət istiqamətdə inkişaf etməsi dövlətin daim diqqət mərkəzindədir”

    Dövlət başçısı Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunu qəbul edib

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqi qəbul edib. “Report”un xəbərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Respublikasının Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu qeyd edib. “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”, - Uilyam Leysi Sinq bildirib.

    Azərbaycan Miqrasiya Xidməti ilə hazırda bir sıra təşəbbüslərin müzakirə edildiyini bildirən qonaq, rəhbərlik etdiyi təşkilatın bu təşəbbüslərin həyata keçirilməsi işinə kömək göstərməsi məsələlərinə baxıldığını da bildirib. Uilyam Leysi Sinq Azərbaycanın digər sahələrdə əldə etdiyi uğurlara da toxunub: “Mən, eyni zamanda, ölkənizin sosial-iqtisadi sahədə əldə etdiyi inkişaf ilə bağlı da təbriklərimi çatdırıram. Mən televiziya vasitəsilə birinci Avropa Oyunlarının keçirilməsini maraqla izlədim. Səfərim zamanı gördüyüm yeni tikilmiş stadion və idmançılar üçün inşa edilən binalar da məni valeh etdi”.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrildiyini bildirərək, birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində həyata keçirildiyini vurğulayıb və ölkəmizdə artıq Formula-1 və İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarına hazırlıq işlərinin getdiyini qeyd edib. Dövlət başçısı bu cür tədbirlərin ölkənin beynəlxalq aləmdə daha yaxından tanınması üçün gözəl imkanlar yaratdığını bildirib və Azərbaycanda turizmin inkişafının böyük potensiala malik olduğunu deyib.

    Prezident İlham Əliyev qeyd edib ki, bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi: “Lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda demoqrafik şəraitin müsbət istiqamətdə inkişaf etməsi və ölkəmizin böyük işçi qüvvəsinə malik olması nəzərə alınmaqla miqrasiya ilə bağlı məsələlər dövlətin daim diqqət mərkəzindədir.

    Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi