​Prezident: "Heydər Əliyev cəsarətli siyasəti ilə xalqın böyük sevgisini qazanmışdı"

​Prezident: "Heydər Əliyev cəsarətli siyasəti ilə xalqın böyük sevgisini qazanmışdı" "Onun strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi"
Daxili siyasət
12 May , 2015 01:38
​Prezident: Heydər Əliyev cəsarətli siyasəti ilə xalqın böyük sevgisini qazanmışdı

Bakı. 12 may. REPORT.AZ/ "1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Çünki o, 1970-80-ci illərin əvvəllərində öz işləri, xalqa olan bağlılığı və cəsarətli siyasəti ilə xalqın böyük sevgisini, rəğbətini qazanmışdı".

"Report" xəbər verir ki, bu sözləri mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsinə bir daha hörmət və ehtiramını bildirir.

Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Azərbaycan onun rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf edib. Birinci dəfə sovet dövründə, 1969-cu ildə rəhbər təyin olunandan sonra Azərbaycanda əsaslı dəyişikliklər baş verdi. O vaxtdan Azərbaycan onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi. Məhz o illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafı sürətlə gedirdi. Azərbaycan sovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü deyirdi və respublikamızın ovaxtkı tarixi çox uğurlu idi.

Məhz ona görə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət etmişdir. Çünki o, 1970-80-ci illərin əvvəllərində öz işləri, xalqa olan bağlılığı və cəsarətli siyasəti ilə xalqın böyük sevgisini, rəğbətini qazanmışdı", - deyə dövlər başçısı qeyd edib.

Nitqinə davam edən prezident İlham Əliyev Ulu Öndərin həyatında bir neçə dövrün olduğunu xatırladıb:

"Hər dövrün öz böyük mənası var. Hər dövrdə çalışdığı bütün vəzifələrdə o, ləyaqətli siyasi xadim, cəsarətli insan, öz xalqına bağlı olan vətənpərvər kimi hərəkət edirdi. Heydər Əliyevin Azərbaycanda uğurlu fəaliyyəti nəzərə alınaraq 1982-ci ilin sonunda o, Sovet İttifaqının ən ali qurumu olan Siyasi Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Onun kurasiyasında bir çox sahələr var idi. Bu sahələr çox ciddi diqqət tələb edirdi və o, ona tapşırılan bütün işlərə çox böyük məsuliyyətlə yanaşırdı. Onun gördüyü işlərin çox böyük səmərəsi var idi. Eyni zamanda, Azərbaycana daim diqqət yetirir, öz köməyini göstərməyə çalışırdı ki, burada da işlər yaxşı getsin. Ancaq əfsuslar olsun ki, o, Azərbaycandan gedəndən sonra respublikada vəziyyət tədricən tənəzzülə uğramağa başlamışdır və demək olar ki, Azərbaycanda durğunluq müşahidə olunurdu. Yəni, artıq onun dövründə olan canlanma, fəal iş yox idi.

Onun sonrakı taleyi ilə bağlı kifayət qədər kitablar, məqalələr, elmi əsərlər yazılmışdır. Burada oturanlar əlbəttə ki, o tarixi yaxşı bilirlər, gənc nəsil də bilməlidir, öyrənməlidir. Çünki bu, bizim şanlı tariximizdir və 1987-ci ildə Heydər Əliyev böyük ədalətsizliklə üzləşmişdi. O vaxt sovet dövlətinin başında dayanan insan ona qarşı ədalətsizlik göstərmişdi. Bu ədalətsizliyin də səbəbləri var idi. Ona qarşı paxıllıq, riyakarlıq və digər mənfi hallar Heydər Əliyevin istefasını şərtləndirdi. Bu, Azərbaycan üçün böyük itki idi. Çünki Heydər Əliyev sovet hakimiyyətində təmsil olunurdu. Təsadüfi deyil ki, o, istefaya gedəndən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi bu məsələ ilə bağlı onlarla həmfikir idi, onların mövqeləri üst-üstə düşürdü. Eyni zamanda, son vaxtlar üzə çıxan faktlar da onu göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı müraciətlər göndərilirdi. Bu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə dözülməz bir praktikadır. Ancaq bu, tarixdir, bu, həqiqətdir və ondan sonra Azərbaycanın bütün problemləri başladı.

Azərbaycana o vaxt qəsdən heç bir nüfuzu, heç bir siyasi təcrübəsi, heç bir milli ruhu olmayan fərdlər hakimiyyətə gətirildi. Onların əsas vəzifəsi Azərbaycan xalqını incitmək, Azərbaycanın xalq təsərrüfatını dağıtmaq və Azərbaycanın inkişafını əngəlləmək idi. O vaxt sovet dövləti hələ güclü idi və mərkəzləşdirilmiş idarəetmə sistemi var idi. Ona görə, Azərbaycan xalqı öz haqlı etirazını ifadə edə bilmirdi.

Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərib. O günlər mənim yaxşı yadımdadır. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın ovaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt Moskvaya yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim. Heç vaxt yadımdan çıxmaz ki, o vaxt orada böyük insan kütləsi toplaşmışdı. Azərbaycanın daimi nümayəndəliyinə minlərlə azərbaycanlı öz həmrəyliyini, etirazını, öz hisslərini ifadə etməyə gəlmişdi.

Biz oraya gələndə insanlar Heydər Əliyevi tanımışdılar və dərhal sükut yarandı. İnsanlar sanki canlı dəhliz yaratdılar ki, o, dəhlizlə binanın içərisinə keçsin. Bax, o vaxt Azərbaycan xalqı Heydər Əliyevə bir daha öz hörmət, etimad, inamını göstərmişdi. O, pensiyada idi və ona qarşı mətbuatda, digər vasitələrlə çox çirkin kampaniya aparılırdı, buralarda mitinqlər təşkil olunurdu, insanları məcbur edirdilər ki, onun əleyhinə danışsınlar və digər çirkin tədbirlər görülürdü. Buna baxmayaraq, Azərbaycan xalqı bu faciəvi gündə bir daha onun ətrafında birləşdi və o, yanvarın 21-də məhz orada Sovet İttifaqı Kommunist Partiyasını, sovet dövlətinin rəhbərini ittiham etdi, onu günahlandırdı, bu cinayəti pislədi və öz haqq səsini ucaltdı".

Dövlət başçısının sözlərinə görə, o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kim təsəvvür edə bilməzdi ki, Sovet İttifaqı dağıla bilər:

"Yəni, bu addım, bu vətənpərvərlik nümunəsi bir daha göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır və o, nə qədər cəsarətli, ədalətli şəxsiyyətdir. Təbii olaraq, təcrübəli siyasi xadim kimi o, dərk edirdi ki, bundan sonra ona qarşı böyük təzyiqlər başlayacaq, onun həyatına təhlükə ola bilər, belə də oldu. Əgər o, Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı. O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı ovaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvanda insanlar onu çox böyük coşqu ilə qarşılamışdılar. Elə Bakıda da. Yadımdadır, o vaxt Bakıya gələndən sonra şəhərdə gəzməyə çıxmışdı. Minlərlə insan onun ardınca gedirdi. O, hara gedirdisə onlar da onun ardınca gedirdilər. Hətta ovaxtkı rəhbərlik təşvişə düşmüş və milis göndərmişdi ki, guya siz burada kütləvi aksiya keçirirsiniz. O da demişdi ki, mən heç bir aksiya keçirmirəm. Mən gəzməyə çıxmışam və insanlar mənim ardımca gəlirlər. Yəni, bütün Azərbaycan xalqı Heydər Əliyevi ürəkdən sevirdi və o sevginin əsas səbəbi məhz 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər və xalqımızın faciəvi günlərində haqqın, ədalətin yanında olması idi.

Naxçıvanda Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan parlamentinə deputat seçdilər. Sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçmişdir. O vaxt artıq Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət, müdriklik göstərmişdir".

Heydər Əliyevin Naxçıvan dövründən danışan İlham Əliyev, o dövrün çox zəngin olduğunu qeyd edib:

"Bu dövr çox ağır və eyni zamanda, çox şərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müraciət edildi və vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd göstərilmişdir. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar".

İlham Əliyev vurğulayıb ki, "1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir".

"1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi. Ancaq uzun illər Kommunist Partiyasının üzvü olan, Qanlı Yanvar hadisələrindən sonra isə Kommunist Partiyasının sıralarını tərk edən bir insan kimi o, demokratiya, inkişaf, bazar iqtisadiyyatı yolunu seçmişdir. Bu, onun üçün çox ciddi bir seçim idi. Çünki o, tamamilə fərqli bir ictimai-siyasi mühitdə formalaşmışdır. Gənc yaşlarından o dövrün nümayəndəsi kimi Sovet İttifaqına, öz xalqına, Kommunist Partiyasına qulluq edirdi. Ona görə, bu, onun üçün çox ciddi bir seçim idi. Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik, hüquqi dövlətdir.

Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar aparılır, demokratik inkişaf sürətlə gedir. Azərbaycan bu gün dünya miqyasında demokratiyanın inkişafı baxımından seçilən ölkələrdəndir. Məhz bu strateji seçim 1990-cı illərin ortalarında qəbul edilmişdir və bu gün biz Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq müsbət meyilləri daha da gücləndiririk.

2003-cü ildən sonra isə yeni dövr başlayır. Əslində bu, əvvəlki dövrün məntiqi davamıdır. O vaxt da Azərbaycan xalqı bir daha həlledici məqamda öz müdrik sözünü demişdir. O vaxt xalq Heydər Əliyev siyasətinə, onun davamçılarına səs vermişdir. Çünki istəyirdi ki, bu siyasət davam etsin. İstəmirdi ki, yenə də hərc-mərclik, xaos, anarxiya, özbaşınalıq, mədəniyyətsizlik, talançılıq hökm sürsün. Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi