Yuxarı

​Prezident: "Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz"

Bizim siyasətimizin təməlində Azərbaycan xalqının iradəsi dayanır

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir. Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında deyib.

"Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri icra edilir, o cümlədən bu bölgədə. Bu gün Zaqatalada infrastruktur layihələrinin açılışını qeyd etmişik, Şəkidə, bütün bölgələrdə, bütün şəhər və rayonlarımızda tikinti-quruculuq işləri aparılır", - deyə dövlət başçısı qeyd edib.

O bununla bərabər, beynəlxalq nüfuzumuzun artdığını, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi öz rolunu oynadığını bildirib:

"Bizim siyasətimizə çox böyük maraqla və rəğbətlə yanaşırlar. İlk növbədə ona görə ki, biz müstəqil xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində, bir daha demək istəyirəm, Azərbaycan xalqının iradəsi dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır".

İlham Əliyevin sözlərinə görə, bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. "Yəni, bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir", - deyə o əlavə edib.

Prezident qeyd edib ki, Azərbaycanda aparılan işlər və gələcəkdə planların reallaşması ölkəmizi daha da gücləndirəcək.

"Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm. Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir.

Enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz “Cənub” qaz dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk. Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir", - deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev bildirib ki, aparılan islahatlar nəticəsində hakimlərin maddi təminatı da son illər ərzində böyük dərəcədə yaxşılaşıb:

"Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni, dövlət tərəfindən təminat yüksək səviyyədədir, imkan daxilində daha da artırılacaq. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün.

Buna nail olmaq üçün çox güclü siyasi iradə var - dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda, çox böyük ictimai dəstək var - xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına - vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi