Yuxarı

​Prezident: “Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə özəl şirkətlərdəki kimi olmalıdır”

“SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var”

SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var”

Bakı. 13 aprel. REPORT.AZ/ “Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə özəl şirkətlərdəki kimi olmalıdır. Mən bununla bağlı artıq belə müəssisələrin rəhbərlərinə göstərişlər vermişəm və bəzilərində artıq transformasiya prosesi başlayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin üzvləri ilə görüşündə deyib.

O bildirib ki, SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var: “Ümid edirəm ki, digər şirkətlər də bu istiqamətdə işləyəcək. Onlar ilə özəl şirkətlər arasında yeganə fərq sadəcə səhmlərinin dövlətə məxsusluğu olacaq.

Bu, başadüşüləndir, çünki həmin müəssisələr strateji əhəmiyyətlidir. Bəlkə vaxt gələcək ki, onların səhmləri satışa çıxarılacaq və mən bunu ehtimal edirəm. Ancaq keçmişi və deyərdim, təfəkkürü nəzərə alsaq, onlar hazırda dövlətə məxsus olaraq qalmalıdır. Hansısa bir kənddə qaz olmayanda insanlar dövlət müəssisəsinin qapısını döyürlər. Yəni, vaxt gələcək və həmin şirkətlərin bir hissəsi satışa çıxarılacaq, ancaq hazırda korporativ idarəetmə çox vacib məsələdir. Eyni zamanda, hesab edirəm ki, sistemin daha səmərəli olması ilə bağlı sizin tərəfinizdən də müəyyən istiqamət təqdim edilməlidir. O zaman onlar daha səmərəli, şəffaf və açıq fəaliyyət göstərəcək, maliyyələşdirmə, yaxud digər formada daha fəal işləyəcəklər.

Şəffaflıq məsələsinə gəldikdə, mən dəfələrlə bununla bağlı fikirlərimi bildirmişəm. Bu, hər bir ölkə və şirkət üçün vacibdir. Biz bu sahədə işləri davam etdirəcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi