​Prezident: “Azərbaycan dövləti düşünülmüş siyasət və xalqın iradəsi sayəsində inkişaf edir”

​Prezident: “Azərbaycan dövləti düşünülmüş siyasət və xalqın iradəsi sayəsində inkişaf edir” Dövlət başçısı cəmiyyəti narahat edən məsələlərin həlli üçün güclü ictimai nəzarətin yaradılması istiqamətində görüləcək işlərdən danışıb
Daxili siyasət
27 May , 2015 17:54
​Prezident: “Azərbaycan dövləti düşünülmüş siyasət və xalqın iradəsi sayəsində inkişaf edir”

Bakı. 27 may. REPORT.AZ/ “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu prosesi başlamış, demokratik institutlar təsis edilmiş, siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi. Dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi, qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha əvvəl etdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət və uğurlu idi”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı AXC-nin süqutundan sonra Azərbaycanın sovetlər birliyi tərkibində keçdiyi mürəkkəb yola da nəzər salıb. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olsa da, 70-ci illərə qədər Azərbaycanın sovetlər birliyi respublikaları arasında sonuncu yerlərdən birini tutduğunu deyən dövlət başçısı ümummilli lider Heydər ƏIiyev birinci dəfə respublikaya rəhbərliyə gəldikdən sonra həyatın bütün sahələrində baş verən köklü dəyişikliklərdən də söz açıb.

İkinci dəfə müstəqilliyə qovuşduqdan sonra ölkədə baş verən hadisələrin xaos, anarxiya və vətəndaş müharibəsi və ölkə torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalının müstəqilliyimizə ciddi təhlükə törətdiyini bildirən Prezident İlham Əliyev yalnız xalqın tələbi ilə ulu öndər hakimiyyətə gəldikdən sonra ölkənin qarşılaşdığı bu ciddi problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən danışıb.

Prezident İlham Əliyev məhz həmin dövrdə möhkəm əsaslar və milli maraqlar üzərində təməli qoyulan dövlətin bu gün düşünülmüş siyasət və xalqın iradəsi sayəsində inkişaf etdiyini və möhkəmləndiyini, beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını vurğulayıb.

Dövlət başçısı Azərbaycanın siyasi, enerji və nəqliyyat təşəbbüslərinin regional əməkdaşlığı genişləndirməyə şərait yaradan əsas amillər kimi dəyərləndirib. Qarşıda duran məsələlərə toxunan ölkə başçısı bundan sonra da sabitliyin qorunması, demokratik əsaslar üzərində hüquqi dövlət quruculuğunun davam etdirilməsi, cəmiyyəti narahat edən məsələlərin həlli üçün güclü ictimai nəzarətin yaradılması istiqamətində görüləcək işlərdən danışıb.

Xarici siyasətdə düşünülmüş addımların ölkənin imicini artırdığını deyən Prezident bu sahədə yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu diqqətə çatdırıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün kifayət qədər hüquqi baza olduğunu əsaslandırıb.

Son xəbərlər

Orphus sistemi