Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 8-də Astara, İmişli, Ağsu və Qubadlı rayonlarının sakinləri ilə görüşüblər.
"Report"un məlumatına görə, Prezident
Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına istiqamətlənib. Bu bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razı qaldıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.